...

Albanlar bugünkü Azərbaycan xalqının təşəkkülündə iştirak ediblər - İnstitut (FOTO)

Cəmiyyət Materials 18 Noyabr 2020 10:03 (UTC +04:00)
Albanlar bugünkü Azərbaycan xalqının təşəkkülündə iştirak ediblər - İnstitut (FOTO)

Bakı. İlhamə İsabalayeva - Trend:

Urud kitabələri üzərindəki epitafiyalar təhlil ediləndən sonra məlum olub ki, alban tayfaları islam dini təşəkkül edən zaman müsəlmanlığı qəbul edərək bugünkü Azərbaycan xalqının təşəkkül tapmasında iştirak ediblər.

Trend-in məlumatına görə, bunu AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Anar Ağalarzadə deyib.

Onun sözlərinə görə, 1926-cı ildə elmə məlum olan Urud abidələrinin geniş tədqiqi ilə sübut olunub ki, bu məzar daşlarındakı epitafiyalar və təsvirlər vaxtilə Qafqaz Albaniyası ərazisi olan Sünikdə yaşamış ağvanların (albanların) müsəlmanlığı qəbul etməsinə dəlalət edir:

"Azərbaycan torpaqları olan Zəngəzur mahalının Urud kəndindəki orta əsr qəbiristanlığında qalmış qoç şəkilli, sənduqə formalı məzar daşları üzərində professor Məşədixanım Nemətovanın 1961-1963-cü illərdə apardığı elmi tədqiqatlar, alimin epiqrafika elmində demək olar ki, 50 illik araşdırmalarının ən mühüm yeniliyi hesab edilir. Urud qəbiristanlığı tarixin böyük bir məsələsinin üstünü açıb. Belə ki, bütün tarixçilər islamın Qafqaza gəlişinə qədər xaçpərəst olan alban tayfalarının erməniləşməsi və gürcüləşməsi haqqında yazırdılar. Akademik Ziya Bünyadov “Azərbaycan VII-IX əsrlərdə” adlı əsərində yazır ki, “...necə oldu Zəngəzur mahalında yaşayan tayfalar qriqoryan xaçını qəbul edib erməniləşdilər, gürcü xaçını qəbul edib gürcüləşdilər. Bəs bunların türkləşəni, islamı qəbul edəni olmadımı?!” Urud məzarlarının tədqiqi də tarixin bu qaranlıq qalan səhifəsini üzə çıxardı. Məhz burada oğuz türk tayfalarına aid daşlar üzərindəki təsvirlər araşdırılmaqla bu suala cavab tapılmış oldu. M.Nemətova isə erməni alimi Papazyana cavab məktubu yazaraq deyib ki, “...əgər Urud qəbiristanlığı erməni abidəsi idisə bəs nəyə görə o, qəbiristanlığı dağıtdınız, məhv etdiniz, viran qoydunuz?! Əgər siz o məzar daşlarının ermənilərə aid olduğunu sübut edə bilsəydiniz bu gün də onu şüşənin içinə salıb əldən-ələ bütün dünyanı gəzdirərdiniz ki, baxın, bu, bizim tariximizdir. Çünki sübut edə bilmədiniz! "

Məqalədə:
Xəbər lenti

Xəbər lenti