...

Sərt karantin rejiminin qayıtmasını istəmiriksə, qaydalara əməl edək - Naqif Həmzəyev

Cəmiyyət Materials 30 Noyabr 2020 13:53 (UTC +04:00)
Sərt karantin rejiminin qayıtmasını istəmiriksə, qaydalara əməl edək - Naqif Həmzəyev

Bakı. Trend:

Ən güclü dövlətlərin iqtisadiyyatını, səhiyyəsini alt-üst edən, insanların sağlamlığına ciddi zərbə vuran COVID-19 bəlası hələ də sovuşmayıb, bəşəriyyəti təhdid etməkdə davam edir. Hər gün bu virusa yoluxanların, onun qurbanlarının sayı barədə dəhşətli rəqəmlər açıqlanır.

Bunu Trend-ə Milli Məclisin İnsan Hüquqları Komitəsinin üzvü Naqif Həmzəyev deyib. Millət vəkili qeyd edib ki, pandemiyanın Azərbaycanda arzuolunmaz fəsadlar yaratmaması, xəstəliyin ölkə ərazisində geniş yayılmaması, insanların həyatını maksimum şəkildə qorumaq üçün dövlətimiz tərəfindən zəruri və effektiv tədbirlər davam etdirilir. Təəssüflər olsun ki, gündən-günə virusa yoluxanların, həyatını itirənlərin sayı artır. Ölkəmizdə da son günlərdə koronavirusa rekord sayda, 3-4 min nəfərin üzərində yoluxma qeydə alınır.

Millət vəkili onu da vurğulayıb ki, xatırlayırsınızsa virusun yayıldığı ilk mərhələdə yoluxma sayı minimuma endirildi, ölüm halları çox aşağı səviyyəyə düşdü, xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalanların sayı yeni yoluxanların sayını xeyli üstələdi. Xüsusi karantin rejimi yumşaldılandan və sərt qadağalar aradan qaldırılandan sonra yeni yoluxma hallarının sayında artım müşahidə olunmağa başlandı. Qaydalara, sosial izolyasiya tədbirlərinə əməl edilməməsi, xüsusilə maska taxılmaması ötən gün ərzində koronavirusa yoluxma sayının 4100 nəfəri keçməsi əldə edilmiş pozitiv nəticəni qoruyub saxlamağın mümkün olmadığını göstərdi.

Yoluxma sayı onu da göstərdi ki,bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da insanlar vəziyyətin ciddiliyini və mövcud qaydaları qulaq ardına vurur. Məsələnin ən təhlükəlisi isə bir sıra məsuliyyətsiz şəxslərin hələ də vəziyyətin ciddiliyinə etinasız yanaşmasıdır. Onların xüsusi karantin rejimi qaydalarını pozması, ictimai yerlərdə məsafə saxlamaması, qapalı məkanlarda maskadan istifadə etməməsi, min bir bəhanə ilə qaydaları pozmaq cəhdi ətrafımızdakı insanları təhlükəyə, koronovirusun cənginə sürüyür.

Naqif Həmzəyev bildirib ki, mövsümi olaraq respirator xəstəliklərin çoxalması, həmçinin insanların qapalı məkanlarda daha çox olması infeksiyanın yayılma riskini daha artırdığından virusdan qorunmaq tədbirləri daha da gücləndirilməlidir. Təəssüf ki, hər kəs buna əməl etmir. Sərt karantin rejiminin geri qayıtmasını, qaydaların sərtləşdirilməsini istəmiriksə qapalı və açıq yerlərdə maska taxmalı, sosial məsafəni qorumalı, dezinfeksiyaedici məhlullardan istifadə etməliyik.

Bəşəriyyətin topsuz-tüfəngsiz bəlası - karonavirusla savaşmağın yeganə yolu birlikdə, hamılıqla bu mübarizədə dövlətin tələblərinə riayət etməkdr. Və biz karonavirus pandemiyası savaşına mütləq qalib gələcəyik. Çünki biz birlikdə güclüyük!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti