...

Macarıstan TV-ləri ilə AzTV-nin əməkdaşlığı genişləndirilir - Göstəriş verilib

Cəmiyyət Materials 12 Aprel 2021 15:12 (UTC +04:00)
Macarıstan TV-ləri ilə AzTV-nin əməkdaşlığı genişləndirilir - Göstəriş verilib

Bakı. Trend:

Macarıstanın ölkəmizdəki səfirliyi “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC ilə əməkdaşlığı genişləndirmək niyyətindədir.

Trend xəbər verir ki, AzTV-nin Beynəlxalq Əlaqələr Departamentindən verilən məlumata görə, Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Viktor Szederkenyi bu məqsədlə televiziyanın sədri Rövşən Məmmədovla görüşüb. Görüşdə əməkdaşlığa dair müzakirələr aparılıb və müxtəlif təkliflər səsləndirilib. Səfir AzTV ilə əməkdaşlığı daha da dərinləşdirməklə bağlı Macarıstan xarici işlər və ticarət naziri Peter Siyartodan tapşırıq aldığını deyib. Bildirib ki, Bakıda olarkən Azərbaycan Televiziyasının qonağı olan nazir ölkəsinə yüksək təəssüratla qayıdıb və Azərbaycanın birinci kanalı ilə əməkdaşlığın aktivləşdirilməsi üçün səfirliyə müxtəlif təkliflər hazırlamalarına dair göstəriş verib.

Görüşdə Macarıstanın “MTVA” və “Duna” televiziya kanalı ilə AzTV arasında 17 iyul 2020-ci ildə imzalanan müqavilənin bütün şərtlərinin həyata keçirilməsinin vacibliyi vurğulanıb. Təcrübə, sənədli və bədii film mübadiləsinin aparılması istiqamətində konkret addımların atılacağı diqqətə çatdırılıb.

Rəhbərlik etdiyi televiziyaya göstərilən diqqətə görə təşəkkürünü bildirən sədr R.Məmmədov AzTV-nin beynəlxalq əlaqələri genişləndirmək istiqamətində səylə çalışdığını və artıq dünyanın bir çox nüfuzlu kanalları ilə sıx münasibətlər qurmağa müvəffəq olduğunu deyib. Qeyd olunub ki, Azərbaycanın beynəlxalq aləmdə təbliği məqsədilə son 2 ildə AzTV dünyanın 7 aparıcı televiziya şirkəti ilə rəsmi əməkdaşlığa başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti