...

Abşeronda şəhid Rüstəm Turabovun xatirəsinə ucaldılan abidə-bulaq kompleksinin açılışı olub (FOTO)

Cəmiyyət Materials 18 May 2021 19:47 (UTC +04:00)
Abşeronda şəhid Rüstəm Turabovun xatirəsinə ucaldılan abidə-bulaq kompleksinin açılışı olub (FOTO)

Bakı. Trend:

Abşeron rayonunun Güzdək qəsəbəsində şəhid Turabov Rüstəm Fərman oğlunun (22.09.1998 – 21.10.2020) xatirəsini əbədiləşdirmək məqsədi ilə inşa edilən abidə-bulaq kompleksinin açılışı olub.

Abşeron Rayon İcra Hakimiyyətindən Trend-ə bildirilib ki, açılışda İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, millət vəkili Şahin Seyidzadə, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri, döyüş-səngər yoldaşları, rayon ictimaiyyəti və KİV nümayəndələri iştirak ediblər.

Şəhidlərin xatirəsinin əbədiləşdirmək istiqamətində rayon ərazisində bir sıra tədbirlərin görüldüyünü vurğulayan İ.Gülməmmədova deyib ki, vətənin bütövlüyü uğrunda canından keçən igid oğullarımızın adları küçələrə verilib və həmin küçələr abadlaşdırılıb.

Şəhid Rüstəm Turabovun abidə-bulaq kompleksinin gənc nəslin vətənpərvərlik ruhunda böyüməsində böyük əhəmiyyətə malik olduğunu vurğulayan başçıs bildirib ki, Azərbaycan igid qəhrəmanlarının şücayəti sayəsində bütövlüyünə qovuşub. “Cənab Prezident İlham Əliyevin uzaqgörən siyasəti, cəsarətli qərarları və qətiyyəti sayəsində torpaqlarımızın işğalına son verilib, xalqımızın torpaq həsrətinə son qoyulub”.

Sonra millət vəkili Şəhin Seyidzadə, şəhidin döyüş yoldaşları, oxuduğu məktəbin kollektivi və rayon ağsaqqalları çıxış edərək şəhidin döyüş yolundan və xatirələrdən danışıblar.

Bildirilib ki, Rüstəm Turabov 2016-cı ildə hərbi xidmətə yollanaraq Şəmkir rayonu Hərbi Hava Qüvvələrində xidməti başa vurmuşdur. 2020-ci ilin sentyabr ayının 29-da könüllü olaraq Qarabağın azad edilməsi uğrunda gedən döyüşlərə qatılan şəhid Rüstəm Turabov Füzuli, Hadrud, Xocavənd istiqamətində döyüşlərdə şücaət göstərib. 2020-ci ilin oktyabr ayında Ərgünəşli yüksəkliyinin azad olunması uğrunda gedən döyüş əməliyyatlarında qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə yüksəlib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən şəhid Rüstəm Fərman oğlu Turabovun “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Sonra şəhid Rüstəm Turabovun məzarı ziyarət olunub, ruhuna dualar oxunub.

Daha sonra İ.Gülməmmədova şəhidin anası Kəmalə Turabova və atası Fərman Turabovla görüşərək onların qayğıları və problemləri ilə maraqlanıb. F.Məmmədovun ailəsi də ölkədə şəhidin ailələrinə göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə öz təşəkkürlərini bildiriblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti