...

Mingəçevir Dövlət Universitetində yol hərəkətinin təhlükəsizliyinə dair seminar keçirilib (FOTO)

Cəmiyyət Materials 27 Oktyabr 2021 14:40 (UTC +04:00)

Bakı. Trend:

2021-ci ilin 25 oktyabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nın icrasına həsr olunmuş elmi-praktiki seminar keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil olunan seminarda MDU-nun bir qrup akademik heyət üzvü, tələbə və magistrantları iştirak ediblər.

Seminarda giriş sözü ilə çıxış edən MDU-nun elmi işlər üzrə prorektor əvəzi, professor Veysəl Əyyubov ölkə başçısının müvafiq Sərəncamı ilə təsdiq edilmiş və hazırda uğurla icra edilən dövlət proqramının əhəmiyyətindən danışıb, tədbirlər planı çərçivəsində universitetdə görülən və planlaşdırılan işlərdən bəhs edib. Yol hərəkətinin təhlükəsizliyinə dair nəzəri-təcrübi məsələlərin sistemli və davamlı şəkildə araşdırılmasının əsas fəaliyyət istiqamətlərindən biri olduğunu vurğulayan V.Əyyubov seminarın önəmini diqqətə çatdırıb və iştirakçılara uğurlar arzulayıb.

MDU-nun Elm və innovasiyalar şöbəsinin müdiri Vüqar Mustafayevin moderatorluğu ilə keçirilən elmi-praktiki seminarda proqrama daxil olan məruzələr haqqında məlumat verildikdən sonra çıxışlara başlanılıb.

Universitetin Mexanika kafedrasının əməkdaşlarından dosent Əlləz Əliyev “Yol hərəkətinin təhlükəsizliyi Azərbaycan üçün prioritet məsələdir”, müəllim İlham Məmmədov “Avtomobil nəqliyyatının ətraf mühitə təsiri”, müəllim Qaragöz Kərimov “Ağıllı şəhər”lər və nəqliyyat”, Mingəçevir şəhər Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili idarəsinin əməkdaşı Cuma Mustafayev “Mingəçevir şəhərində avtonəqliyyat ilə daşımalarda təhlükəsizliyin təmini haqqında” mövzusunda məruzələrlə çıxış ediblər.

Məruzələrdə ölkəmizdə yol hərəkətinin təhlükəsizliyi sahəsində idarəetmənin təkmilləşdirilməsi, müasir innovativ metodların tətbiq edilməsi, ətraf mühitin qorunması tələblərinin gözlənilməsi, müvafiq maarifləndirmə, təbliğat və təşviqat işlərinin effektivliyinin yüksəldilməsi və digər məsələlərdən bəhs olunub.

Dövlət proqramının icrası ilə bağlı universitetin üzərinə düşən vəzifələrdən söhbət açan Mexanika kafedrasının müdiri, dosent Mahir İsmayılov hazırda MDU-da bakalavriat səviyyəsində “Nəqliyyat mühəndisliyi” və magistratura səviyyəsində “Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi” ixtisasları üzrə kadr hazırlığını həyata keçirildiyini qeyd edib və bu istiqamətdə ali təhsilin keyfiyyətinin yüksəldilməsi ilə bağlı fikirlərini bölüşüb.

Seminar iştirakçıları tərəfindən maraqla qarşılanan məruzələr ətrafında geniş müzakirə aparılıb və təqdim edilən suallar ətraflı cavablandırılıb.

Qeyd edək ki, ölkəmizdə həyata keçirilən islahatlara və dövlət proqramlarının icrasına töhfə verməyi diqqət mərkəzində saxlayan MDU-da müvafiq istiqamətlər üzrə aktual mövzularda nəticəyönümlü tədqiqatların aparılmasına və müxtəlif formatlarda elmi müzakirələrin təşkilinə xüsusi önəm verilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti