...

Üç qurum koronavirusun yeni “Omicron” variantı ilə bağlı vətəndaşlara müraciət etdi

Cəmiyyət Materials 30 Noyabr 2021 14:50 (UTC +04:00)
Üç qurum koronavirusun yeni “Omicron” variantı ilə bağlı vətəndaşlara müraciət etdi

Bakı. Çingiz Səfərli -Trend:

Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə məlumat yayıb.

Trend-ə verilən məlumata görə, “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi mərhələli şəkildə davam edir:

"Koronavirusun mutasiyaları nəticəsində son zamanlar meydana çıxan yeni “omicron” variantı bütün dünyada olduğu kimi Azərbaycanda da ciddi narahatlıq doğurur.

Ümumdünya Səhiyyə Təşkilatı ilk dəfə 24 noyabrda rast gəlinən yeni variantda təkrar yoluxma nisbətinin əvvəlki mutasiyalarla müqayisədə daha yüksək olduğunu bildirib və koronavirusun “omicron” variantından qaynaqlanan riski “yüksək” kimi qiymətləndirib.

Yeni mutasiyanın inkişaf gedişatı və yoluxduruculuğu ilə bağlı məlumatların yaxın günlərdə bəlli olacağı gözlənilir. Vətəndaşlarımızın nəzərinə çatdırırıq ki, ölkənin səhiyyə qurumları yeni ştamı, dünya ölkələrinin mutasiyalarla bağlı təcrübələrini izləyir və yeni yoluxma hallarını nəzarətdə saxlayır.

Cənubi Afrikada aşkarlanan omicron ştamına qısa müddətdə bir çox ölkələrdə: Böyük Britaniya, Hollandiya, Kanada, Danimarka, Almaniya, Belçika, Çexiya və İtaliyada rast gəlinib", - birgə məlumatda qeyd edilir.

Aparılan tədqiqatlardan əldə olunmuş nəticələr bir daha göstərir ki, virusun yeni və sürətlə yayılan təhlükəli variantlarından qorunmağın ən effektiv yolu vaksinasiyadır:

"Əhalinin vaksinasiyada aktiv iştirakı nəticəsində Azərbaycanda epidemioloji vəziyyətin sabit qalmasına nail olunub.

Səhiyyə qurumları vətəndaşlarımızı yayılan yeni ştamdan qorunmaq üçün vaxt itirmədən gücləndirici (buster) doza ilə peyvəndləməyə çağırır.

Vaksinasiya ilə yanaşı, xüsusi karantin rejiminin qaydalarına da riayət olunmalıdır. Fiziki məsafənin saxlanılması, maskalardan istifadə və əl təmizliyi kimi qaydalar, virusun variantından asılı olmayaraq, xəstəlikdən qorunmağın və normal həyata qayıtmağın yeganə yoludur", - məlumatda deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti