Bakı. Humay Ağacanova - Trend:
Ölkədə icbari tibbi sığorta üzrə xidmətlər zərfində bir sıra həyati dəyəri yüksək əməliyyatlar üçün limit nəzərdə tutulub.
Trend-in məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin "Facebook" səhifəsində "Tibbi sığorta saatı"nda Tibbi iddialar departamentinin koordinatoru Səbinə Quliyeva deyib.
O qeyd edib ki, icbari tibbi sığorta sosial layihədir. Burada hər hansı limit və yaxud da sığorta məbləği nəzərdə tutulmayıb.
“Amma daxildə elə prosedurlar var ki, onlara limit nəzərdə tutulur. Məsələn, xidmətlər zərfində fizioterapiya xidməti üzrə 10 prosedur sayında limit nəzərdə tutulur. Hər vətəndaş üçün il ərzində bu limitlər nəzərdə tutulub. Ölkə üzrə xidmətlər zərfində bir sıra həyati dəyəri yüksək əməliyyatlar üçün də limit nəzərdə tutulub. Bunlardan biri koxlear implantasiya əməliyyatlarıdır. Bunun üçün birinci il üçün ölkə üzrə 300 sayda limit nəzərdə tutulub. Endoprotezlərin yerləşdirilməsi üçün də 300 sayda limit nəzərdə tutulub. Digər xidmətlər üzrə limit yoxdur”, - deyə S.Quliyeva bildirib.
Onun sözlərinə görə, hər il agentlik tərəfindən müvafiq tədbirlər həyata keçirilir. Bütün təklif və rəylər ilin sonunda Nazirlər Kabinetinə göndərilir. Bu il də xidmətlər zərfinin layihəsi hazırlanıb. 300 sayda əlavə xidmət nəzərdə tutulub, aidiyyəti qurumlara təqdim edilib və hazırda baxılma mərhələsindədir.