...

Azərbaycan Gimnastika Federasiyasına Dünya çempionatının təşkilinə görə təşəkkürümü bildirirəm - Morinari Vatanabe

Cəmiyyət Materials 13 Mart 2022 20:34 (UTC +04:00)
Azərbaycan Gimnastika Federasiyasına Dünya çempionatının təşkilinə görə təşəkkürümü bildirirəm - Morinari Vatanabe

Bakı. Cani Babayeva - Trend:

Azərbaycan Gimnastika Federasiyasına Akrobatika Gimnastikası üzrə Dünya çempionatının təşkilinə görə təşəkkürümü bildirirəm.

Trend-in məlumatına görə, bu barədə Bakıda keçirilən Akrobatika gimnastikası üzrə 28-ci Dünya çempionatının bağlanış mərasimində Beynəlxalq Gimnastika Federasiyasının (FIG) prezidenti Morinari Vatanabe deyib.

M.Vatanabe çıxışında yarışda iştirak edən idmançılara və rəsmilərə də təşəkkür edib:

"Mən Azərbaycan Gimnastika Federasiyasına, könüllülərə və bütün tərəfdaşlara möhtəşəm Dünya Çempionatının təşkilində göstərdikləri səylərə görə təşəkkürümü bildirirəm. Akrobatika gimnastikası idman növləri arasında ən yüksən artistizm və mükəmməlliyə sahib növlərdən biridir. Bu bir çox insanı ilhamlandıra bilər. Bu dəfə musiqi və çıxışlar arasındakı harmoniya, o cümlədən hərəkətlərin icrasında daha çox artistizm diqqətimi cəlb etdi.

Düşünürəm ki, bu gimnastika növü insanları daha çox cəlb edəcək bir nöqtəyə gəldi. Çıxışlar dostluğu, inamı, həmrəyliyi gözəl şəkildə ifadə etdi. İnanıram ki, siz bu xaotik dövrdə insanlıq üçün bir nümunə sərgilədiniz".

Sonra Beynəlxalq Gimnastika Federasiyasının (FIG) prezidenti akrobatika gimnastikası üzrə 28-ci dünya çempionatının bağlandığını elan etdi.

Qeyd edək ki, martın 10-13-də Bakıda Milli Gimnastika Arenasında akrobatika gimnastikası üzrə 28-ci dünya çempionatı keçirilib. Çempionatda dünyanın 17 ölkəsindən 170 gimnast iştirak edib.

Yarışlarda qadın, qarışıq və kişi cütlüklər, qadın və kişi qrupları tərkibində gimnastlar tarazlıq, temp və kombinə edilmiş hərəkətləri təqdim ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti