Bakı. Trend:
Dövlət Turizm Agentliyi tərəfindən sosial media istifadəçilərinin ölkə üzrə üstünlük verdiyi turistik məkanların “turizm xəritəsi”nin müəyyənləşdirilməsi, həmin məkanlar haqqında məlumatlılıq və aktuallıq səviyyəsinin yoxlanılması məqsədilə “Instagram” sosial şəbəkəsinin 2018-2021-ci illəri əhatə edən təhlil nəticələri üzrə hesabat hazırlanıb.
Agentlikdən Trend-ə verilən məlumata görə, araşdırma 70
fərqli məkan üzrə paylaşımların sayı, bəyənilmə statistikası, dil
faktoruna əsasən səyahət istiqamətlərinin və səfərlərin
mövsümiliyinin aşkar edilməsini və müvafiq olaraq proqnozlar
verilməsini hədəfləyir.
Araşdırmada seçilmiş məkanlar təbiət, xüsusi maraq və şəhər
təcrübəsi, sağlamlıq, mədəniyyət və tarix kimi 4 kateqoriya
əsasında təsnifatlaşdırılıb.
Paylaşım sayına görə təbiət kateqoriyası 43.8%-lə birinci sırada,
38.7%-lə xüsusi maraq və şəhər təcrübəsi ikinci sırada, 12.79%-lə
mədəniyyət və tarix üçüncü sırada, 4.7%-lə isə sağlamlıq
kateqoriyası dördüncü sırada qərarlaşıb.
Mövsümə uyğun təsnifatlaşdırmaya əsasən yaz və qış mövsümü üzrə
edilmiş paylaşımlarda xüsusi maraq və şəhər təcrübəsi, yay və payız
mövsümündə olan paylaşımlarda təbiət kateqoriyası üstünlük təşkil
edir.
Təhlilə əsasən yay aylarında təbiət kateqoriyasında yer alan
məkanlarda həyata keçirilən paylaşımların qış aylarından 4 dəfə
daha çox olduğu müəyyənləşib. Oxşar göstəricilər mədəni və tarixi
turizm məkanlarında da qeydə alınıb ki, bu destinasiyaların da yaz
və yay mövsümlərində daha çox turistlər tərəfindən ziyarət olunduğu
müşahidə edilir.
Paylaşımların 79%-ə yaxını Azərbaycan dilində, daha sonra isə
ingilis, rus, fars, ispan, italyan və digər dillər üzrə edilib.
Təhlillər nəticəsində müəyyən olunub ki, əcnəbi turistlər arasında
xüsusi maraq və şəhər təcrübəsi üzrə turlara maraq digər
kateqoriyalara nisbətən daha yüksəkdir ki, bu da həmin
istiqamətdəki paylaşımların təxminən 48%-ni əhatə edir.
Tədqiqat nəticələrinə əsasən müvafiq olaraq 21%, 19%, 18% və 12%
göstəricilərlə Göygöl, Lerik, Qəbələ və Quba təbiət kateqoriyası
üzrə ilk sıralardadır. Paylaşımlara əsasən ən populyar şəhərlər
Bakı (63 min), Qəbələ (50 min), Qusar (30 min), Lerik (22 min) və
Qubadır (20 min).
Qeyd edək ki, turizm potensialının düzgün təhlili və yeni
imkanların araşdırılması, o cümlədən marketinq fəaliyyətinin həyata
keçirilməsi üçün instaqram sosial şəbəkəsinin təhlili son dövrlərdə
beynəlxalq təcrübədə geniş istifadə olunmağa başlanılıb.