...

Paytaxtda şam ağaclarının müalicəsi aparılır (FOTO)

Cəmiyyət Materials 8 İyun 2022 08:48 (UTC +04:00)

Bakı. Trend:

Artıq bir müddətdir ki, paytaxtın bir sıra ərazilərində xeyli əvvəl əkilmiş şam ağaclarının bir sıra növlərinin quruması baş verir. Dövlət qurumlarını, ictimaiyyəti və sakinlərimizi ciddi narahat edən bu məsələ ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətində bir sıra aidiyyəti qurumların nümayəndələrinin, alim və mütəxəssislərin iştirakı ilə müşavirə və görüşlər keçirilib, Bakıya xarici ölkələrdən alimlər, həmçinin BMT Ərzaq və Kənd Təsərrüfatı təşkilatının mütəxəssisləri dəvət edilib. Həmin alim və mütəxəssislər paytaxt ərazilərində bir sıra yerlərdə araşdırmalar aparıblar.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, əsasən yaşı 40-45 il olan şam ağaclarında müşahidə edilən xəstəliklərin aradan qaldırılması ilə bağlı işlərdə yerli alimlər də iştirak edir. Mərkəzi Nəbatat Bağının alimlərinin iştirakı ilə ağacların müalicəsi məqsədi ilə təcrübələrə başlanılıb, onun fəsadlarının aradan qaldırılması yolları, yerli və xarici mütəxəssislərin təklifləri müzakirə edilir.

Qeyd edilməlidir ki, şam ağaclarında müşahidə edilən bu xəstəlik digər dövlətlərdə də qeydə alınıb və xarici alimlərin qeyd etdiyinə görə Bakıda bu xəstəliyə qarşı mübarizə tədbirləri Almaniya, Kanada və Amerikadakından xeyli yaxşı vəziyyətdədir.

Bu xəstəliklə mübarizə tədbirləri çərçivəsində yerli alimlərin apardığı təcrübələr davam edir. Təcrübə çərçivəsində Mərkəzi Nəbatat Bağında xəstəliyə yoluxan 9 ədəd Eldar şamının 3 müxtəlif üsulla peyvəndlənməsi aparılıb. Qısa vaxt ərzində ağaclarda baş verən müsbət dəyişikliklər araşdıralacaq, hansı peyvəndin daha uğurlu olması müəyyən ediləndən sonra şam ağaclarında kütləvi peyvəndləmə aparılacaqdır. Bu barədə mətbuat nümayəndələrinə Mərkəzi Nəbatat Bağının icraçı direktoru, biologiya üzrə elmlər doktoru Həsən Babayev məlumat verib.

Qeyd edilməlidir ki, paytaxtın bütün ərazilərində xəstə, qurumuş, utilizasiya ediləcək ağacların siyahısı hazırlanıb, bu günə kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyi mütəxəssislərinin rəyi əsasında Bakı şəhərində xəstəliyə yoluxan və müalicəsi mümkün olmayan 3 min ədəd şam ağacı kəsilərək utilizasiya edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti