...

Gömrük Akademiyasının əməkdaşları Polşada keçirilən təlim həftəsində iştirak ediblər

Cəmiyyət Materials 5 İyul 2022 22:57 (UTC +04:00)
Gömrük Akademiyasının əməkdaşları Polşada keçirilən təlim həftəsində iştirak ediblər

Bakı. Trend:

Dövlət Gömrük Komitəsinin Akademiyası (DGKA) tərəfdaşı olduğu “Azərbaycan Rektorlar Konfransının yaradılması” adlı Erasmus+ layihəsi çərçivəsində Polşa Respublikasında 27 iyun-1 iyul tarixlərində təşkil edilmiş “Polşada Ali Məktəblərin Rektorları Konfransının (CRASP) modeli” təlimində təmsil edilib. Polşanın Varşava və Krakov şəhərlərində təşkil olunan təlimlərdə Azərbaycan Respublikası Təhsil Nazirinin müşaviri, layihə konsorsiumunun üzvü olan Azərbaycan Universitetlərinin rektorları, səlahiyyətləri nümayəndələri, həmçinin Magna Charta Müşahidə Şurasının, Macarıstan Rektorlar Konfransının nümayəndələri ilə yanaşı Dövlət Gömrük Komitəsinin Akademiyasının Tədris-metodiki işin təşkili şöbəsinin rəisi İslam Hüseynov və Akademiyanın beynəlxalq əməkdaşlıq üzrə mütəxəssisi Leyla Nəcəfova iştirak ediblər.

Dövlət Gömrük Komitəsinin Akademiyasından Trend-ə verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Varşava İqtisadiyyat Məktəbinin rektoru Piotr Vachoviak qonaqları salamlayaraq universitet haqqında geniş təqdimatla çıxış edib. Daha sonra rektor Polşa Rektorlar Konfransına üzv olmağın universitet üçün faydaları və prezidenti olduğu Varşava Ali Təhsil Müəssisələrinin Rektorlar Konfransı barəsində ətraflı bəhs edib.

Polşa Rektorlar Konfransının prezidenti cənab Arkadiusz Mezyk isə Konfrans adından Azərbaycan nümayəndə heyətini salamlayaraq əməkdaşlıqdan məmnunluq duyduqlarını ifadə edib. Konfransın yaradılması ilə bağlı vacib məqamlara toxunan cənab Arkadiusz Mezyk konfransın əsas fəaliyyət istiqamətləri, qərarvermə prosesi, daimi heyəti, o cümlədən Konfransın katibliyinin vəzifələri haqqında toplantı iştirakçılarına ətraflı məlumat verib. Arkadiusz Mezyk Konfransın yarandığı gündən bu günə qədər Polşa ali təhsil sisteminə verdiyi töhfələrdən, keyfiyyətin yüksəldilməsi istiqamətində irəli sürülən təkliflərdən və əldə etdikləri uğurlardan bəhs edib.

Daha sonra Almaniya Rektorlar Konfransının Mərkəzi və Şərqi Avropa, Şərqi Asiya departamentinin rəhbəri Rudolf Smolarczyk keçirilən tədbirin əhəmiyyətindən danışaraq Almaniya Rektorlar Konfransının əsas məqsədləri, üzvlərinin tərkibi, strukturu, idarəedilməsi haqqında tədbir iştirakçılarına geniş məlumat verib.

Təlim həftəsi çərçivəsində həmçinin Polşa Respublikasının Təhsil və Elm Nazirliyində, eləcə də Krakovda yerləşən Elm və Texnologiya Universitetində bir sıra görüşlər keçirilib. Azərbaycan-Polşa arasında tədris və tədqiqat üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsi, xüsusiə mübadilə imkanlarının artırılması, ortaq layihələrin həyata keçirilməsi məqsədilə Polşanın Təhsil və Elm Nazirliyində təşkil edilən görüşdə Polşanın Təhsil və Elm Nazirinin müavini cənab Tomasz Rzymkovski, Azərbaycanın Polşa Respublikasındakı səfiri Nərgiz Qurbanova Polşa Rektorlar Konfransının nümayəndələri və layihə konsorsiumunun üzvləri iştirak ediblər.

Tədbirdə nazir müavini cənab Tomasz Rzymkovski çıxış edərək iki ölkə arasında sıx əlaqələrin mövcud olduğunu və uğurla davam etdiyini vurğulayaraq, yeni əməkdaşlıq istiqamətlərinin müzakirəsindən, yeni layihələrin birgə icrasından məmnun olduqlarını və bu işlərə yüksək dəstək verdiklərini ifadə edib.

Daha sonra səfir Nərgiz Qurbanova Polşada təhsil sahəsində görülən işlərdən və nəzərdə tutulan fəaliyyətlərdən bəhs edib.

Tədbirdə iştirak edən Azərbaycan Respublikası Təhsil Nazirinin müşaviri Nicat Məmmədli layihə çərçivəsində Polşa ilə əməkdaşlığın daha da genişləndiyini və layihədə Polşa təcrübəsinin faydalı olacağını bildirib.

Yekunda layihənin koordinatoru Gülşən Bayramova layihənin uğurla həyata keçirilməsində və təcrübələrin öyrənilməsində Polşa Rektorlar Konfransının verdiyi töhfələrdən bəhs edib.

Qeyd edək ki, Erasmus+ proqramının “Ali Təhsildə Potensialın Gücləndirilməsi” kateqoriyası sahəsinə aid olan ECAR layihəsi Bakı Biznes Universitetinin koordinatorluğu və Avropa Komissiyasının maliyyə dəstəyi ilə həyata keçirilir. Layihənin icra müddəti üç ildir. Gömrük Akademiyasının layihədə tərəfdaşlığı 2021-ci il ərzində layihə konsorsiumu və Avropa Komissiyası tərəfindən dəyərləndirilərək qəbul edilib və Akademiyanın layihədə iştirakı 2022-ci ilin fevral ayında başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti