Bakı. Trend:
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev əvvəlcədən tərtib olunan qrafik əsasında kənd və qəsəbələrdə səyyar qəbullarını davam etdirir. Səyyar qəbulun növbəti ünvanı Müşkür kəndi olub. Görüşdə rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayevlə yanaşı xidmət təşkilatlarının rəhbələri də iştirak edib. Qəbulda Müşkür İnzibati Ərazi Dairəsinə daxil olan Köhnə Xaçmaz, Müzəffəroba, Müşviq, Xaspoladoba, Əzizli, Gəncəli və Bəbəli kəndlərində yaşayan sakinlərin müraciətləri dinlənilib.
Görüş iştirakçıları əvvəlcə şəhidlərimizin əziz xatirəsini bir
dəqiqəlik sükutla yad edib.
Daha sonra vətəndaşlar müraciət və təkliflərini səsləndiriblər.
Sakinlər Müzəffəroba kəndində qaz xəttinin yerinin dəyişdirilməsi,
yaşayış məntəqələri üzrə elektrik təsərrüfatının yenilənməsi,
kəndlərarası yolun təmiri, içməli və suvarma suyu ilə təchizatın
yaxşılaşdırılması kimi məsələləri gündəmə gətiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin
arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən
problemlərin aradan qaldırılması istiqamətində müvafiq
tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll
edilib.
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə
həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya
görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə
minnətdarlıqlarını ifadə ediblər.