Bakı. Trend:
Sumqayıt Şəhər Məhkəməsinin adından qəbul edilmiş qanunsuz qətnamələrlə əsassız olaraq pensiya təyinatlarının aparılması və digər pozuntulara yol verilməsi faktı ilə bağlı ƏƏSMN və Ədliyyə Nazirliklərindən daxil olmuş material üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.
Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, istintaqla
müəyyən olunub ki, 2008-2019-cu illərdə Sumqayıt Şəhər Məhkəməsinin
hakimi vəzifəsində işləmiş İlyas Mahmudovun icraatında olan
müxtəlif mülki işlər üzrə iddiaçıların tələblərinin təmin edilməsi
barədə bilə-bilə ədalətsiz qətnamə qəbul etməsi müqabilində
ayrı-ayrı şəxslərdən rüşvət qismində pul tələb edərək almasına,
bununla əlaqədar bilə-bilə 2 halda ədalətsiz qətnamə çıxarmasına
əsaslı şübhələr var.
Bundan başqa, İlyas Mahmudovun işlədiyi dövr ərzində icraatında
olan digər işlər üzrə qəbul etdiyi 25 qətnaməyə əvvəlcədən
bilə-bilə yalan məlumatlar daxil etməsinə, əmək stajı və əlilliyin
müəyyən edilməsi ilə bağlı hüquqi əhəmiyyətli faktları müəyyən edən
qanunsuz məhkəmə aktlarını aidiyyəti qurumlara təqdim edilməsinə
nail olmasına, bu hərəkətləri ilə də qanunazidd əsaslarla təyin
olunmuş pensiyalar üzrə cəmi 243 min 441 manat məbləğində ödənişin
verilməsinə səbəb olmaqla dövlətin qanunla qorunan mənafelərinə
ağır nəticələrə səbəb olan mühüm zərər vurmasına dair əsaslı
şübhələr müəyyən edilib.
Toplanmış kifayət qədər sübutlar əsasında İlyas Mahmudova Cinayət Məcəlləsinin 295.1 (bilə-bilə ədalətsiz hökm, qətnamə, qərardad və ya qərardad çıxarma), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Əhəmiyyət kəsb edən digər halların müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.