...

“Yay Fest - Azərbaycan Gənclər Festivalı” çərçivəsində “İdeyadan biznesə” mövzusunda düşərgəyə start verilib (FOTO)

Cəmiyyət Materials 23 Avqust 2022 16:03 (UTC +04:00)
“Yay Fest - Azərbaycan Gənclər Festivalı” çərçivəsində “İdeyadan biznesə” mövzusunda düşərgəyə start verilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının tərəfdaşlığı ilə keçirilən “Yay Fest - Azərbaycan Gənclər Festivalı” çərçivəsində “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) təşkilatçılığı “İdeyadan biznesə” mövzusunda düşərgəyə start verilib. RİİB-in “İdeyadan biznesə” (I2B) layihəsi çərçivəsində 22-26 avqust tarixlərində təşkil olunan düşərgəyə respublikanın müxtəlif regionlarından innovasiyalar, texnoloji yeniliklər və startaplara maraq göstərən 220 gənc qatılıb.

Avqustun 22-də Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktor müavini Anar Cəfərov, Azərbaycan Respublikası Gənclər Fondunun Gənclərlə iş şöbəsinin müdiri Seymur Hüseynov, Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Yusif Vəliyev və “Regional İnkişaf” İctimai Birliyinin şöbə müdiri, “İdeyadan biznesə” layihəsinin rəhbəri Rəşad Əzizovun iştirakı ilə düşərgənin açılış mərasimi keçirilib.

Tədbir Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başlanıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın bütövlüyü uğrunda mübarizədə canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə çıxış edənlər bu cür layihə və tədbirlərin gənclərinin hərtərəfli inkişafı, onların dünyagörüşünün, bilik və bacarıqlarının artırılması, eyni zamanda yay mövsümündə asudə vaxtlarının səmərəli təşkilində əhəmiyyətindən danışıblar. Bildirilib ki, artıq ənənə halını almış, bu il sayca 3-cüsü keçirilən “Yay Fest - Azərbaycan Gənclər Festivalı” eyni zamanda respublika üzrə gənclər şəbəkəsinin genişlənməsinə xidmət edir.

Daha sonra qonaqlar iştirakçıları maraqlandıran sualları cavablandırıb, onlarla fikir mübadiləsi aparıblar.

Tədbir konsert proqramı ilə davam edib.

Düşərgənin növbəti günlərində iştirakçılar üçün innovasiya və startap təfəkkürü, startap komandalarının formalaşdırılması, startapların təqdim edilməsi və digər mövzularda təlimlər, seminarlar, təqdimatlar keçiriləcək. Belə ki, iştirakçılar aqro texnologiyalar, yaradıcı sənaye, elm və təhsil, turizm, sosial innovasiyalar, media texnologiyaları üzrə müvafiq olaraq Kənd Təsərrüfatı Nazirliyi, Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, Dövlət Turizm Agentliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Medianın İnkişafı Agentliyi, həmçinin startaplar üzrə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin mütəxəssisləri tərəfindən məlumatlandırılacaqlar.

Düşərgənin daha maraqlı və yaddaqalan olması, gənclər arasında sağlam həyat tərzinin təbliği məqsədilə müxtəlif intellektual, əyləncəli yarışlar, idman oyunları, müsabiqələr, yaradıcılıq gecələri və konsert proqramlarının keçirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Gənclər Fondu, BMT-nin İnkişaf Proqramı (UNDP) və “SUP VC” akselerasiya proqramının dəstəyi ilə keçirilən “İdeyadan biznesə” layihəsi ölkəmizdə startap hərəkatının inkişafı, gənclərə biznes ideyalarının həyata keçirilməsinə dəstək verilməsi, regionlarda innovasiyaların və texnologiyaların təşviqinin genişləndirilməsi, paytaxt və regionlarda innovasiya ekosistemi üzrə genişmiqyaslı əməkdaşlıq platformasının formalaşdırılması məqsədi daşıyır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti