Bakı. Trend:
Azərbaycan Qızıl Aypara Cəmiyyəti “Kontakt” mağazalar şəbəkəsinin dəstəyi ilə yeni tədris ilinin başlaması ərəfəsinə təsadüf edən təqdirəlayiq xeyriyyə aksiyasına start verdi. Xeyriyyə aksiyasında ucqar dağ kəndlərində yaşayan uşaqların məktəb ləvazimatları ilə təmin edilməsi nəzərdə tutulur.
100 ildən artıq şanlı tarixə malik Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) Respublikada dövlət qanunu ilə rolu müəyyən olunmuş ən böyük humanitar təşkilatdır. Milli Cəmiyyət milliyyətinə, irqinə, dini inanclarına, sinfinə və ya siyasi düşüncələrinə görə heç bir ayrı-seçkilik qoymadan insanlara humanitar yardım göstərir.
“Kontakt” mağazalar şəbəkəsinin ad gününə həsr olunmuş bu xeyriyyə aksiyası ilə avqustun 31-dək mağazalar şəbəkəsinin satışlarından əldə olunan gəlirlərlə ucqar dağ kəndlərində olan məktəblilər zəruri məktəb ləvazimatları ilə təmin ediləcəkdir.
Qeyd edək ki, AzQAC tərəfindən göstərilən humanitar xidmətlər və hüquqi hərəkətlərin rəqəmsallaşdırılması məqsədi ilə yaradılmış "YARDIM.ET" adlı İanə İdarəetmə Sistemi fəaliyyət göstərir. Bu sistem çərçivəsində HÖP, ASAN PAY, SMS, MilliÖn, eManat, hesab.az, bank kartı və s. kimi vasitələrlə ianələrin toplanması və idarəolunması həyata keçirilir. Toplanmış ianələr ehtiyaclı insanlara müvafiq humanitar yardımların edilməsinə yönləndirilir və heç bir kommersiya və gəlir məqsədi daşımır.