...

Qarabağın dirçəldilməsinə töhfə vermək istəyirik - Türkiyə Humanitar Yardım Vəqfi (FOTO/VİDEO) (Müsahibə)

Cəmiyyət Materials 23 Noyabr 2022 11:18 (UTC +04:00)
Qarabağın dirçəldilməsinə töhfə vermək istəyirik - Türkiyə Humanitar Yardım Vəqfi (FOTO/VİDEO) (Müsahibə)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda daha çox işlər görmək, Qarabağın bərpa-qurucluq işlərində də iştirak etmək istəyirik.

Bu barədə Trend-ə müsahibəsində Türkiyənin İnsan Hüquqları, Azadlıqları və Humanitar Yardım Vəqfinin (İHH) Humanitar diplomatiya şöbəsinin məsul əməkdaşı Mehmet Altıntaş deyib.

M.Altıntaş indiyə qədər Azərbaycanda həyata keçirdikləri layihələr barədə məlumat verib.

“İldə ən az 3 dəfə Azərbaycanda layihələr həyata keçiririk. Bu layihələrdən biri çərçivəsində valideyn himayəsindən məhrum olmuş uşaqlarla birlikdə vaxt keçirib ehtiyacını öyrənərək, imkanlarımız daxilində onlara yardım edirik. Digər bir layihəmiz Ramazan bayramında buraya gələrək ehtiyac sahbilərinə ərzaq yardımı göstərməkdir. Bundan əlavə məktəblərin və evlərin təmir-bərpası ilə bağlı layihələrimiz olur. Bu layihələr çərçivəsində Ağdamın Çəkməli kəndində məktəb, ev, tibb məntəqəsi təmir edilib", - deyə o əlavə edib.

Ermənilərin Azərbaycan ərazisində mina terroruna toxunan qurum rəsmisi mina partlayışından zərər görən insanlara yardım etdiklərini deyib. Onun sözlərinə görə, fond 2 il ərzində 20-yə yaxın Azərbaycan vətəndaşını protezlə təmin edib.

"Qarabağ zəfərindən sonra mina axtarışları zamanı, mina partlaması nəticəsində zərər görən və protezə ehtiyacı olan vətəndaşlar oldu. Bu çətin günlərdə Azərbaycanın yanında olmaq istədik. Bu səbəbdən ANAMA ilə protokol imzaladıq. Bu protokol çərçivəsində minadan zərər görən qazilərimizi və mülki vətəndaşları Türkiyəyə apararaq orada onlara uyğun protezlər hazırlayırıq. Sonuncu dəfə keçən ay bir protezi təhvil verdik. Lakin bu kifayət deyil. Fərqli səviyyələrdə protezlərə ehtiyac var. Biz də bu protezləri hazırlamaq üçün əlimizdən gələni edirik. Bizim hazırladığımız protezlərin qiyməti təqribən 5- 50 min manat arasında dəyişir. İstifadə etdiyimiz cihazlar son texnologiyalara uyğun olur", - Humanitar Yardım Vəqfinin əməkdaşı əlavə edib.

Bununla yanaşı M.Altıntaş fəaliyyətlərini genişləndirmək, Azəbaycanda daha çox işlər görmək niyyətində olduqlarını da açıqlayıb:

"Qarabağda bərpa-quruculuq işlərində də fəaliyyət göstərmək, əlimizdən gəldiyi qədər Qarabağın dirçəldilməsində iştirak etmək istəyirik”, - deyə M. Altıntaş vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti