Bakı. Trend:
Noyabrın 29-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) "Şöhrət” ordenli, Əməkdar elm xadimi, görkəmli dilçi alim, professor Həsən Mirzəyevin 95 illik yubileyinə həsr olunmuş “Müasir Azərbaycan dilçiliyinin aktual problemləri” Beynəlxalq elmi konfransı öz işinə başlayıb.
Trend xəbər verir ki, iki gün davam edəcək Beynəlxalq konfransda canlı və onlayn formada Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Hindistan, Gürcüstan və Nigeriyadan nümayəndələr iştirak edir.
Tədbirdə iştirak edən Milli Məclisin deputatları, Elm və Təhsil
Nazirliyinin nümayəndələri, ali təhsil müəssisələrinin və tədqiqat
institutlarının rəhbərləri, tanınmış elm və mədəniyyət xadimləri,
xarici ölkələrdən gələn alimlər, eləcə də alimin yetirmələri
əvvəlcə universitetin foyesində Həsən Mirzəyevə həsr edilmiş
sərgiyə baxıblar.
ADPU ilə Türkiyənin İqtisadi İnkişaf və Sosial Araşdırmalar
İnstitutunun (İKSAD) tərəfdaşlığı ilə təşkil olunan Beynəlxalq
konfrans Azərbaycan və Türkiyənin dövlət himnlərinin
səsləndirilməsi və şəhidlərin xatirələrinin bir dəqiqəlik sükutla
yad edilməsi ilə başlayıb.
Giriş sözü ilə çıxış edən Pedaqoji Universitetin rektoru professor Cəfər Cəfərov fədakar alimin həyat yolundan və elmi axtarışlarından söz açıb.
Sonra görkəmli alimin həyat və yaradıcılığından bəhs edən
videoçarx nümayiş olunub.
Tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Bakı Dövlət
Universitetinin rektoru Elçin Babayev, Azərbaycan Dillər
Universitetinin rektoru, akademik Kamal Abdulla, akademik Nizami
Cəfərov, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Dilçilik
İnstitutunun direktoru professor Nadir Məmmədli, Türkiyənin Qazi
Universitetinin professoru Hülya Kasaboğlu, Fırat Universitetinin
professoru Ahmet Buran, Özbəkistan Dövlət Şərqşünaslıq
Universitetinin Türkologiya fakültəsinin dekanı dosent Cumali
Şabanov və digər çıxış edənlər Azərbaycan dilçilik elminin
tədqiqində, ümumən filologiya və türkologiya elmində dərin izlər
buraxmış Həsən Mirzəyevin elmi əsərlərinin öz aktuallığı ilə bu gün
də tələbələr, tədqiqatçılar, xüsusən də gənc alimlər üçün əsl mənbə
olduğunu vurğulayıblar.
Çıxış edənlərdən Türkiyənin Kafkas Üniversiteti Çağdaş Türk Ləhçələri və Ədəbiyyatları Bölümünün dosenti İlkin Qulusoy magistrantı Səma Şahinlə bərabər hazırladıqları, professor Mahirə Hüseynovanın redaktoru olduğu Həsən Mirzəyevin 95 illiyinə ithaf olunmuş “Karşılaştırmalı deyimbilimi” (“Müqayisəli frazeologiya”) əsərini konfrans iştirakçılarına təqdim edib.
ADPU-nun Elmi-təşkilati şöbəsinin müdiri professor İbrahim
Bayramov “Görkəmli dilçi alim professor Həsən Mirzəyev” mövzusunda
məruzə edib.
Çıxışlardan sonra təşkilat komitəsi adından konfransın təşkilindəki
xidmətlərinə görə prof. Cəfər Cəfərov, prof. Asəf Zamanov, prof.
Mahirə Hüseynova, prof. Ahmet Duran, prof. Hülya Kasaboğlu, dos.
Cumali Şabanov, dos. İlkin Qulusoy və Gürcüstan Dövlət
Universitetinin professoru Elizabet Bjalava mükafatlandırılıb.
Sonda prof. Həsən Mirzəyevin ailəsi adəndan çıxış edən Mərkəzi Dəmiryol Xəstəxanasının baş həkimi Müşfiq Mirzəyev göstərilən yüksək diqqətə görə ADPU rəhbərliyinə və elmi ictimaiyyətə minnətdarlığını bildirib.