Bakı. Trend:
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi, Dövlət Sosial
Müdafiə Fondu Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı və
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin
birgə əməkdaşlığı nəticəsində 27-28 dekabr tarixində Yeni il və 31
dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə
xeyriyyə məqsədli “Sehrli Yeni il” adlı ikigünlük bayram proqramı
təqdim olunub.
Trend xəbər verir ki, tədbirdə hər gün 120 nəfər olmaqla, həssas
əhali qrupuna aid 250-yə yaxın uşağın iştirakı təmin edilib.
Tədbirin birinci hissəsində uşaqlar üçün sehrbazların, dj-lərin,
Yeni ilin ənənəvi qəhrəmanlarının iştirakı ilə əyləncəli proqram,
köpük şousu nümayiş olunub. Abdulla Şaiqin sevilən əsəri əsasında
Mərkəzin benefisiarlarının və rəqqasların ifasında səhnələşdirilmiş
“Tülkü həccə gedir” tamaşasının premyerası keçirilib. Tamaşanın
quruluşu səhnə ifaçılığı istiqaməti üzrə təlimçimiz Əbdülqəni
Əliyevə məxsusdur. Səhnə əsərindəki əsas personajları Əli Əsədov,
Fərid Firyazzadə, Aslan Məmmədov, Rəşid Mikayılov, Ləman Məmmədova,
Babək İsmayılov, Fatimə Məmmədova canlandırır. Səhnə libaslarını
mərkəzin dərzilik, modelyerlik studiyasında təlim alan
benefisiarlarımız ərsəyə gətirib.
“Mc Donalds Azərbaycan” şirkəti, “Ağ çiçəyim”, “Sensum by Amapola”
və Azərbaycan Badminton Federasiyasının təşkilati dəstəyi ilə
gerçəkləşdirilən tədbirdə uşaqlara müxtəlif hədiyyələr, bayram
sovqatları paylanılıb.
Tədbir çərçivəsində ilin yekunları və həssas əhali qrupuna aid
şəxslərə göstərilən sosial-psixoloji dəstək istiqamətində əldə
olunan nəticələrə dair mətbuat konfransı da təşkil edilib.