Bakı. Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi ilə Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Araz Supermarket” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb.
Bu memorandumla tərəflər əlilliyi olan şəxslərin əmək bazarına cəlb olunması istiqamətində qarşılıqlı fəaliyyət göstərəcəklər.
Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov qurumun fəaliyyəti və həyata keçirilən genişmiqyaslı sosial dəstək tədbirləri barədə məlumat verib. Bildirib ki, Agentlik Respublika üzrə 12 filial və 13 müəssisəsi vasitəsilə həssas əhali qruplarından olan şəxslərə səyyar və stasionar xidmətlər göstərir.
Sədr qeyd edib ki, Agentlik göstərilən xidmətlərin əhatəliliyini
və əlçatanlığını artırmaq məqsədilə özəl təşkilatlarla da
qarşılıqlı əməkdaşlıq edir.
“Araz Supermarket” MMC-nin İdarə Heyətinin sədri Rəşad İbrahimov
memorandumun əhəmiyyətindən danışıb. Bildirib ki, “Araz
Supermarket” MMC əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasına
hər zaman dəstək olmağa hazırdır və bu əməkdaşlıq da onlar üçün
cəmiyyətin digər üzvləri ilə bərabər imkanların yaradılmasına
dəstək olacaq.
Memorandumla əlilliyi olan şəxslərin sosial bacarıqlarının inkişafı, peşə hazırlığının, peşə-əmək reabilitasiyasının həyata keçirilməsi məqsədilə xüsusi proqramlar üzrə birgə təlimlər də təşkil olunacaq.