Bakı. Trend:
İmmun sistemini zəifləməsində anadangəlmə xroniki xəstəliklər və infeksiyalar kimi faktorlarla yanaşı, qeyri-sağlam qidalanmanın böyük təsiri var. Bu barədə səhiyyə nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev deyib.
Trend Zakir Quliyevin müshaibəsini təqdim edir :
- Zakir müəllim, ilk öncə bilmək istərdik ki, immun sistemin zəif olmasını göstərən əlamətlər hansılardır?
- İmmun sistemi bədənimizdəki bütün orqan və hüceyrələri əhatə
edən müdafiə sistemidir. Bu sistem sayəsində təbiətə uyğunlaşırıq.
Belə ki, immun sistemi orqanizmi infeksiyalara, bakteriyalara və
mikroblara qarşı qoruyur. İmmun sistemin zəifləməsinin bir çox
göstəricisi olsa da, ən mühüm göstəricisi tez-tez təkrarlayan
infeksiyalardır. Məsələn, qışda 3-4 dəfə yuxarı tənəffüs yollarının
infeksiyasının olması şəxsin immun sistemin zəif olmasından xəbər
verir.
İmmun sistemin zəifləməsi ilə halsızlıq, yorğunluq hissi, bədənin
müxtəlif yerlərində ağrılar, təkrarlayan infeksiyalar, depressiya,
saç tökülməsi, diqqət pozğunluğu kimi hallar müşahidə edilə bilər.
İmmun sistemin zəifləməsi nəticəsində orqanizm xarici və daxili
mühit amillərinə qarşı həssas olur və xəstəliklərə qarşı mübarizə
qabiliyyətini itirir.
- İmmuniteti zəiflədən qidalar və vərdişlərə nələr daxildir?
- İmmun sistemini zəifləməsində anadangəlmə xroniki xəstəliklər
və infeksiyalar kimi faktorlarla yanaşı, qeyri-sağlam qidalanmanın
böyük təsiri var. Araşdırmalar göstərir ki, immunitet sisteminin
güclü olması əhəmiyyətli dərəcədə qida rasionundakı makro və mikro
elementlərin normasından asılıdır. İmmun sistemin zəifləməsinin ən
çox yayılmış səbəbi balanssız qidalanmadır. Az proteinli qidalanma,
artıq çəki və həddindən artıq arıqlıq immun sistemini zəiflədən
amillərdir.
Qeyd edim ki, A, B6, B12, C, D və E vitaminləri, selen, dəmir və
sink immun sisteminin kompleks reaksiyalarını sürətləndirir.
Bunlardan hər hansı birinin olmaması bədənimizi xarici amillərə
qarşı həssas edir.
Siqaret və alkoqol istifadəsi, radiasiyaya məruz qalma,
keyfiyyətsiz yuxu və yuxunun az olması, istirahət etməmək,
həddindən artıq stress yükü, tez-tez antibiotik və digər
dərmanların istifadəsi immun sistemimizin zəifləməsində rol oynayan
əsas səbəblərdəndir.
- Bəs hansı təbii vasitələrlə immuniteti gücləndirmək mümkündür?
- Bizim orqanizmə hansı qidaların lazım olduğunu bilmək
sağlamlığımız və güclü immun sistemimiz üçün çox vacibdir. Daha
güclü immun sisteminə sahib olmaq üçün aşağıdakı qaydalara riayət
etmək tövsiyə olunur:
Bədən çəkisini nəzarətdə saxlamaq, yəni artıq çəki qazanmamaq, eyni
zamanda sürətli bir şəkildə arıqlamaqdan çəkinmək;
Bədənimizin mayeyə olan ehtiyacı qədər su için. Əgər ürək-damar
sisteminizdə və böyrəklərdə hər hansısa bir probleminiz varsa,
içəcəyiniz mayenin miqdarını öz həkiminizlə və ya müalicə edən
mütəxəssislə məsləhətləşin;
Yuxu rejimi güclü immunitetin əsas şərtlərindən biridir. Aparılmış
elmi araşdırmalar göstərir ki, keyfiyyətli yuxu ilə güclü immunitet
arasında birbaşa əlaqə var;
“Fast food”dan uzaq durun, çünki bu qidaların kaloriyası yüksək
olmasına baxmayaraq immun sistemə çox da müsbət təsir
göstərmir;
Keyfiyyətli və balanslaşdırılmış qidalanın. İmmun sistemini
gücləndirmək üçün ən yaxşı üsullardan biri çoxlu meyvə-tərəvəz
yemək və mövsümə uyğun təbii şirələr qəbul etməkdir;
Ümumi gigiyenaya, əsasən də əllərin gigiyenasına diqqət yetirmək
vacibdir. Belə ki, sadə şəxsi gigiyena qaydalarına riayət etmək
sağlamlığın qorunmasına və möhkəmlənməsinə kömək edir;
Müntəzəm olaraq idmanla məşğul olmaq güclü immun sistemi üçün
vacibdir. Elmi araşdırmalar göstərir ki, idman immunitet sistemini
aktivləşdirir;
Pis vərdişlərdən (tütünçəkmə və spirtli içkilərdən istifadə) mümkün
qədər uzaq olmaq;
Əsəb və stressdən maksimum uzaq durmaq lazımdır.
Bundan əlavə, vitamin D immun sisteminin stimullaşdırılmasında
vacib rol oynayır. Vitamin D hüceyrə mikromühitində metabolik
stresi azaldaraq orqanizmin təbii immunitetini dəstəkləyən bir
vitamindir. Bədənin D vitamini sintezinə olan ehtiyacının 90%-i
dəri tərəfindən günəş işığı ilə qarşılanır.
Günəş işığından başqa ayran, pendir, qatıq, bitki yağı, balıq və
balıq məhsulları, qaraciyər, yumurta sarısı, göbələk D vitamininin
ən əhəmiyyətli mənbələrindəndir. Həmçinin D vitamini xəstəliklərə
səbəb olan virus və bakteriyalarla mübarizə aparır.
- Həkim məsləhəti olmadan qəbul edilən antibiotik və dərmanlar immun sisteminə təsir edə bilərmi?
- Hər hansı bir xəstəlik törədən amilin orqanizmə daxil olduğu
andan etibarən bədənimizdə müdafiə mexanizmi yaranır. Xəstəlik
törədən antigenlərin müxtəlif anticisimlərlə orqanizmdən
çıxarılmasını təmin edən bu sistem, həmin amillə qarşılaşdıqda
müxtəlif xəstəlik törədicilərinə qarşı müdafiə inkişaf etdirir və
orqanizmin davamlı qorunmasını təmin edir.
Bəzən həkim məsləhəti olmadan xəstəliyin müalicəsi üçün istifadə
edilən antibiotiklər və buna bənzər dərmanlar immun sistemin həmin
xəstəlik törədicisinə qarşı lazımi müdafiəni qurmasına və inkişaf
etməsinə mane olur. Misal üçün, xəstədə hər hansısa bir virus
mənşəli infeksiya varsa, istifadə edilən antibiotik mualicəsi
sağalma periodunu uzada, hətta xəstəliyi daha da ağırlaşdıra
bilər.
İmmun sistemin kifayət qədər müqavimət göstərə bilmədiyi hallarda
müalicə və ya xəstəliklərdən qorunmaq üçün həkim nəzarətində
dərmanlara üstünlük verilməlidir.