Bakı. Trend:
Son zamanlar məktəb yaşlı uşaqlar arasında “fast food” tipli yeməklərin, müxtəlif qazlı suların, energetik içkilərin, mayonez, dönər, “ketchup” kimi qidaların populyar olması müxtəlif mədə-bağırsaq problemlərinin, o cümlədən qastrit və reflüks xəstəliyinin artmasına gətirib çıxarıb.
Bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Anar Tağıyev deyib.
Trend Anar Tağıyevlə müsahibəni təqdim edir:
- Anar müəllim, qış mövsümünün gəlməsi ilə əlaqədar uşaqlar arasında hansı qastroenteroloji problemlərdə artım müşahidə olunur?
- Qış mövsümü ilə bağlı uşaqlar arasında bəzi qastroenteroloji problemlərin artması müşahidə olunur. Bunlardan qastrit, reflüks, mədə qanaması, qarında ağrı və sancını xüsusi ilə qeyd etmək istəyirəm. İlk növbədə kəskin respirator virus infeksiyalarının, o cümlədən influenzanın artması uşaqlarda düşməyən qızdırmaya səbəb olur. Bu zaman valideynlər müxtəlif qızdırma salıcı preparatlarla temperaturu salmağa çalışırlar və bəzən bu dərmanlar lazım olandan artıq miqdarda istifadə olunur ki, bu da müxtəlif mədə-bağırsaq problemlərinin əmələ gəlməsinə səbəb olur.
- Bəs qızdırmasalıcı dərmanlar necə istifadə olunmalıdır?
- Hərarəti zorla salmaq xəstəliyin gedişini dayandırmır, eyni
zamanda müxtəlif ağırlaşmalara gətirib çıxarır. Hərarəti salmaq
üçün bütün dünyada əsasən Asetaminofen (Parasetamol) tərkibli
dərmandan istifadə edilir.
Qeyd edim ki, temperatur orqanizmin qoruyucu funksiyasıdır və
orqanizm virus və ya digər mikroorqanizmlərlə mübarizə etmək üçün
38 dərəcəyə yaxın temperaturda daha aktiv mübarizə aparır. Xüsusi
hallarda (febril qıcolma, ürək-tənəffüs çatışmazlığı, bəzi ürək
xəstəlikləri) hərarəti salmaq lazım gəlir. Qalan bütün hallarda
hərarət 38 dərəcədən yuxarı olarsa, o zaman müdaxilə etmək
lazımdır. Əgər hərarət düşmürsə, mexaniki üsullardan istifadə etmək
olar. Bunun üçün ilıq duş (soyuq olmaz) almaq, iri damarlar olan
nahiyələrə çox da soyuq olmayan tək qatlı isladılmış bintlərin
qoyulması kimi üsullardan istifadə etmək lazımdır. Parasetamol
uşaqlarda hər kiloqram çəkiyə 10-15 mq, yüksək temperatur davam
edərsə 4-5 saat aralıqlarla verilməlidir. Əks halda qaraciyərdə
funksiya pozğunluğuna, mədənin selikli qişasında qanamaya səbəb
olub, vəziyyəti daha da ağırlaşdıra bilər.
- Uşaqlar arasında qastrit, reflüks kimi xəstəliyin səbəbi nə ilə əlaqədardır?
- Son zamanlar məktəb yaşlı uşaqlar arasında “fast food” tipli yeməklərin, müxtəlif qazlı suların, energetik içkilərin, mayonez, dönər, “ketchup” kimi qidaların populyar olması müxtəlif mədə-bağırsaq problemlərinin, o cümlədən qastrit və reflüks xəstəliyinin artmasına gətirib çıxarıb. Məktəb yaşlı uşaqların bu qidalardan çox istifadə etmə halları mədə ağrıları, qarında sancılar, bağırsaq pozğunluqları kimi ağırlaşmalara gətirib çıxarır.
Qəbizlik də uşaq qastroenterologiyasında həmişə sıx rast gəlinən
bir mədə-bağırsaq problemidir. Problemi aktual edən qəbizliyin hər
yaşda görülməsi və uşaqlarda ciddi diskomforta səbəb olmasıdır.
Təəssüf ki, əksər hallarda valideynlər həkimə çox gec müracət
edirlər. Bu zaman qəbizlik xronikləşir və müxtəlif fəsadlara səbəb
olur. Bu zaman isə təbii ki, qəbizliyi müalicə etmək çox çətin
olur.
Qəbizliyin artmasının yaşdan asılı olaraq bir çox səbəbləri vardır.
Körpə uşaqlarda ana südü yerinə müxtəlif növ süni qidaların
istifadəsi qəbizliyin daha kiçik yaşlarda görülməsinə gətirib
çıxarır. Ana südü təbii qəbizlik əleyhinə dərmandır.
Qəbizliyin əsas səbəblərindən biri də uşaqların daha çox oturaq
həyat tərzi keçirmələri və “fast-food”dan çox istifadə etmələridir.
Bağırsağın normal işləməsi üçün əsasən su və lif lazımdır. Bir sıra
şəkərli qidalarda, asan həzm olunan karbohidratlarda bitki lifləri
olmur. Bitki lifləri əsasən meyvə, tərəvəz, ət kimi məhsullarda və
bəzi taxıllarda olur.
Uşaqlar arasında son vaxtlar telefon və kompyuterdən istifadə, həm
oturaq həyat tərzi, həm də bütün diqqətlərini oyuna, kompyuterə
verdikləri üçün nəcis ifrazının əngəllənməsinə və qəbizliyə səbəb
olur.
- Bir qastroenteroloq kimi valideynlərə nə tövsiyə edərdiz?
- Əgər uşağın hərarəti varsa, 38 dərəcəni keçmədən
düşürülməməli. Parasetamol, bəzən də ibuprofen kimi dərmanlardan
(ibuprofen də bəzi ciddi yan təsirlərə səbəb ola bilər və 1 yaşdan
balaca uşaqlara verilməməlidir) uşağın kilosuna uyğun dozada, ən
tezi 4-5 saat aralıqlarla verilməlidir. Uşaqlara bol maye
verilməli, xəstəlik səbəbi ilə onsuz da maye qəbulu az olan
hallarda lazım gələrsə, damardan yaşına uyğun maye köçürülməlidir.
Susuzluq zamanı ağızdan verilən hərarət salıcı dərmanlar daha zəif
təsir edir. Əgər bütün bunlara rəğmən hərarət düşmürsə, mütləq
mexaniki üsullarla salınmalıdır. Bir neçə fərqli forma dərman
preparatlarını eyni zamanda istifadə etmək olmaz (məsələn həm
ağızdan, həm də şam kimi düz bağırsaqdan) bu mədə qanamasına və
qaraciyər funksiyalarının ciddi pozulmasına səbəb ola bilər. Eləcə
də, öskürək də qoruyucu bir funksiya olduğu üçün dərhal öskürək
üçün dərman vermək uyğun deyildir. Sadəcə ağır, sıx təkrarlayan,
boğulmaya səbəb olan öskürəklərdə həkim müayinə edərək dərman
seçimi eləməlidir.
Uşaqlar yaşdan asılı olaraq gündə ən az 1-2 litr su içməli, mövsüm
meyvə-tərəvəzlərindən istifadə etməli, qışda meyvə quruları yeməli,
qidalarında zülal, yağ, karbohidrat, lif tərkibli balanslaşdırılmış
qidalara yer verməlidilər. Mütəmadi olaraq açıq havada hərəkət
etməli, 4 yaşa qədər ekran qarşısında oturmamalıdırlar. Eyni
zamanda, “fast-food” qidalardan mümkün qədər az istifadə etməsi
tövsiyə olunur.