Bakı. Trend:
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş və onun zəngin irsinin daha dərindən öyrənilməsi məqsədilə fevralın 14-də YAP Xəzər rayon təşkilatının təşkilatçılığı ilə 216 nömrəli tam orta məktəbdə növbəti "Heydər Əliyev dərsləri" keçirilib. Açıq dərsin iştirakçıları məktəbin X-XI sinif şagirdləri olublar.
Açıq dərsin əvvəlində Dövlət Himni səsləndirilib, ümummilli
lider Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda şəhidlik
zirvəsinə ucalan Vətən oğullarının və qardaş Türkiyədə zəlzələ
zamanı həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad
edilib.
Açıq dərsə qatılan X-XI sinif şagirdlərinə YAP Xəzər rayon
təşkilatının sədri Namiq Əhmədov və Milli Məclisin deputatı Rauf
Əliyev tərəfindən “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın
memarı və qurucusudur” mövzusunda mühazirə oxunub.
Şagirdlər qarşısında çıxış edən YAP Xəzər rayon təşkilatının sədri
Namiq Əhmədov Ulu Öndər Heydər Əliyevə həsr olunan dərslərin
keçirilməsinin əhəmiyyətini xüsusi vurğulayaraq, qeyd edib ki,
Heydər Əliyevin fəaliyyəti bir məktəbdir və onu öyrənmək, gələcək
nəsillərə çatdırmaq hər şeydən əvvəl bizim vətəndaşlıq borcumuzdur.
Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi Ulu Öndəri,
dünyanın hörmətlə yanaşdığı və qəbul etdiyi ümummilli lideri
var.
Daha sonra Milli Məclisin deputatı Rauf Əliyev çıxış edərək
bildirib ki, biz bugünümüz, işıqlı gələcəyimiz üçün dahi şəxsiyyətə
borcluyuq. Heydər Əliyev irsi öyrənilməli, nəsildən-nəslə
ötürülməlidir. Bu gün hər birimiz dərk edirik ki, müstəqil
Azərbaycan dövləti bütün həyatı və fəaliyyəti tariximizə qızıl
hərflərlə həkk olunmuş Heydər Əliyevin şah əsəridir.
Diskussiya şəklində davam edən açıq dərsdə şagirdləri maraqlandıran
suallar cavablandırılıb.
Qeyd edək ki, Heydər Əliyevin 100 illiyi ilə əlaqədar cari ilin fevral ayından başlayaraq YAP Xəzər rayon təşkilatının təşkilatçılığı ilə Xəzər rayonunun bütün məktəblərində açıq dərslər keçiriləcək.