Bakı. Trend:
Hazırda bütün dünyada baş verən ölümllərin əsas səbəbi ürək-damar xəstəlikləridir. XXI əsrdə məhz bu xəstəliklər müxtəlif səbəblərdən geniş yayılmaqdadır. Ürək-damar xəstəliklərindən ölüm hallarının beşdə dördündən çoxu infarkt və insult nəticəsində baş verir, bu ölümlərin üçdə biri vaxtından əvvəldir. Çox təəssüflə qeyd etmək lazımdır ki, hazırda ürək-damar xəstəlikləri xeyli cavanlaşıb. Ürək-damar xəstəliklərinin səbəbləri, əlamətləri hansılardır və xəstəliyin qarşısının alınması üçün nə etmək lazımdır? Bütün bu suallarla Mərkəzi Gömrük Hospitalının invaziv-kardioloqu Dr.Şəhla Ağayevaya müraciət etdik.
- Şəhla həkim, hazırda insanlar arasında ürək-damar xəstəlikləri artır və bu xəstəliklər get-gedə cavanlaşır. Bunun əsas səbəbləri barədə nə deyə bilərsiz?
- Əvvəla, onu deyim ki, orqanlarımızın fəaliyyəti üçün lazım olan maddələri daşıyan ürəkdir və bu vəzifəni yerinə yetirmək üçün o, dəqiqədə orta hesabla 70 dəfə döyünür və hər dəfə qanı orqanlarımıza çatdırır. Qan orqanlara damarlar vasitəsi ilə daşınır. Hər orqan kimi ürəyin də qidalanması vacibdir. Ürəyin özünü qidalandıran damarlara "koronar damarlar" (koronar arteriyalar) deyilir. Koronar damarlarda ola biləcək xəstəliklər birbaşa ürəyin fəaliyyətinə və səmərəliliyinə təsir edir.
Ürəyi qidalandıran koronar arteriyaların daralması və ya tıxanması, ürəyin öz ehtiyacı olan oksigen və qida maddələrini ala bilməməsinə və funksiyalarının pozulmasına gətirib çıxarır ki, bu xəstəliyə ürəyin işemik xəstəliyi və ya koronar arteriya xəstəliyi deyilir. Koronar arteriya xəstəliyi, bütün dünyada olduğu kimi, ölkəmizdə də insanlar arasında ölüm və iş qabiliyyəti itkisinin səbəbidir.
Ürək-damar xəstəliklərinin son vaxtlar artmasının əsas səbəbləri oturaq həyat tərzi, stress, sağlam olmayan qidalanma, az hərəkətlilik, piylənmə, artıq çəki, zərərli vərdişlər: tütün məhsullarından, enerjili və alkoqollu içkilərdən istifadədir.
Digər önəmli risk faktorlarına yanaşı xəstəliklər, o cümlədən şəkərli diabet, xolesterin yüksəkliyi, yüksək qan təzyiqi aiddir. Eyni zamanda digər önəmli səbəb də genetik meyillilikdir.
- Ürək-damar xəstəliklərinin əsas əlamətləri hansılardır? İnsan özündə hansı əlamətləri hiss etdikdə kardioloqa müraciət etməlidir?
- Ürəyin işemik xəstəliklərinin əsas əlamətləri döş sümüyü arxasında yaranan yandırıcı, göynədici xarakterli ağrı, sıxıntı, basqı hissidir. Bəzən əlamətlər kürəyə, çənəyə, çiyinə, sol qola yayılan ağrı şəklində də özünü göstərə bilər. Bu ağrılar hərəkət edərkən artır, dincələrkən azalır və keçir.
Damar tıxanıqlığı olan xəstələrdə bəzən ağrı olmadan sadəcə təngnəfəslik şikayəti ola bilər. Bu səbəblərlə qeyd etdiyim risk faktorları olan insanların kardioloji müayinədən keçməsi mütləqdir.
Bunlardan əlavə, ürəyin işemik xəstəliyinin ağrısız forması - miokardın səssiz işemiyası var ki, bu miokardın qan dövranı çatışmazlığının yalnız obyektiv əlamətlərilə təzahür edir. Xəstəlik zamanı ürəyin işemik xəstəliyinin tipik simptomları - ağrı, təngnəfəslik müşahidə olunmur, lakin diaqnostik müayinələrdə işemiya üçün xarakterik dəyişikliklər qeydə alınır. Bu xəstəlik simptomsuz getsə də, proqnoz qeyri-qənaətbəxşdir.
Profilaktik olaraq mütəmadi kardioloji müayinədən keçmək səssiz işemiyanın vaxtında aşkarlanmasına kömək edir. Ümumiyyətlə, bütün ürək-damar xəstəlikləri vaxtında aşkarlanarsa, onların müalicəsi də effektli olur.
- Mütəxəssislər hazırda qrip infeksiyalarının infarkta və digər ürək xəstəliklərinə səbəb ola biləcəyini bildirir. Bu barədə nə deyə bilərsiz?
- Havaların soyuq keçməsi ürək xəstəlikləri üçün zəmin yaradır. Orqanizm soyuduğu zaman bədənimiz istilik itkisinin qarşısını almaq məqsədilə qanı daxili orqanlarımıza çatdırmaq üçün normadan çox işləməyə məcbur olur. Bu isə dolayısıyla ürək əzələsinin və damarların işini artırır. Soyuq hava səbəbindən əmələ gələn stress hormonlarının qana ifrazı ürək xəstələrinin infarkt keçirmə riskini artırır.
Havaların soyuması ilə eyni zamanda qripə yoluxma hallarında da artım müşahidə edilməkdədir. Bu infeksiya ürək-damar xəstəliklərindən əziyyət çəkənlərdə daha təhlükəlidir. Qrip virusunun miokard infarktı riskini 6 dəfə artırdığı məlumdur. Qrip virusuna yoluxanlar xəstəliyin ilk həftəsində 6 dəfə çox miokard infarktı riski daşıyır, virusun orqanizmə girməsinin 8-ci günündən etibarən isə risk normala dönmüş olur. Bundan əlavə, infeksiyalar aritmiyaların yaranmasına təkan verir, ürək çatışmazlığı xəstələrində ağırlaşmalara yol açmış olur. Soyuq və şaxtalı havalar ürək damar problemləri olan xəstələr üçün əlverişsiz və təhlükəlidir.
- Soyuq aylarda ürək-damar xəstəlikləri kəskinləşdiyi və ürək tutmaları artdığı üçün xəstə hansı qabaqlayıcı tədbirlər görməlidir?
- Mövsümi qripdən qorunmaq üçün peyvəndləmə olduqca önəm daşıyır. Ürək xəstələrinə infeksion xəstəliklərə yoluxmuş insanlardan uzaq durmaq, soyuq, şaxtalı və küləkli havalarda gəzməmək, ictimai sıxlıq olan yerlərdən mümkün qədər kənar olmaq, tibbi maskadan istifadə etmək tövsiyə olunur. Özünüzü infeksion xəstəliklərdən qoruyun ki, ömür boyu sizin yaşamağınız üçün fasiləsiz döyünən ürəyə yük düşməsin.
- Maraqlı müsahibəyə görə təşəkkür edirik. Sağ olun.
Müsahibəni apardı: Mərkəzi Gömrük Hospitalının PR mütəxəssisi Dilara Zamanova