Bakı. Trend:
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Novruz bayramı
münasibətilə silsilə tədbirlər davam edir.
Martın 17-də Məktəbəqədər təhsil fakültəsinin Tələbə Elmi Cəmiyyəti
(TEC) və Tələbə Gənclər Təşkilatının (TGT) təşəbbüsü ilə Novruz
bayramı tədbiri keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət
Himninin səsləndirilməsi və Vətən uğrunda şəhid olanların
xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı.
ADPU-dan Trend-ə bildirilib ki, fakültənin dekanı dosent Nailə Hüseynova professor-müəllim heyətini və tələbələri Novruz bayramı münasibəti ilə təbrik etdi. Daha sonra Məktəbəqədər təhsilin pedaqogikası kafedrasının müdiri professor Müseyb İlyasov, Pedaqoji psixologiya kafedrasının müdiri professor Şəhla Əliyeva, Ümumi psixologiya kafedrasının müdiri professor Ramiz Əliyev və Xüsusi təhsil kafedrasının müdiri dosent Simnarə Heydərova da bayram təəssüratlarını və təbriklərini çatdırdılar.
Tələbələrin milli rəqsləri, Novruz bayramı ilə bağlı səhnələri tədbirə xüsusi rəng qatdı.
Eyni gündə ADPU SABAH Mərkəzində də baharın müjdəçisi Novruz bayramına həsr olunmuş “Bahar sədası” adlı tədbir keçirilib. ADPU TGT və ADPU SABAH qruplarının təşkilatçılığı ilə keçirilən tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlanıb, Vətən uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış nitqi ilə çıxış edən universitetin sosial və humanitar məsələlər üzrə prorektoru professor Fikrət Rzayev Novruz bayramının xalqımızın şüurunda bolluq və bərəkətin, xeyirxahlığın təcəssümü kimi kök saldığını, insanları daim birliyə, sülhə və əmin-amanlığa səslədiyini qeyd edib.
Strateji inkişaf məsələləri üzrə prorektor Könül Pirverdiyeva da bütün tədbir iştirakçılarını təbrik edərək, baharın gəlişi ilə xoş günlər qeyd etmələrini arzulayıb.
ADPU SABAH Mərkəzinin rəhbəri Lalə Mürsəlbəyova və ADPU TGT sədri Təhmasib İmaməliyev əsrlərin yaddaşında silinməz izlər qoyan Novruz bayramının ənənəvi dəyərlərimizin təşəkkülündə mühüm rol oynadığını bildirərək, müəllim və tələbələri səmimi-qəlbdən təbrik etdilər.
Daha sonra AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun Kitabxana və biblioqrafiyaşünaslıq şöbəsinin elmi işçisi Aytən Əliyeva Novruz bayramının tarixi, əsas xüsusiyyətləri, adət və ənənələri barədə ətraflı məlumat verdi.
ADPU TGT-nin “Buta” instrumental musiqi ansamblının ifasında “Yaşa Azərbaycan”, “Ala gözlüm”, “İncə bellim” mahnıları, kinofilmlərdən retro musiqilər səsləndirilib. Tələbələr tərəfindən hazırlanan, qədim adətlərimizi özündə əks etdirən səhnəciklər nümayiş olundu.
Pedaqoji Universitetin Quba filialında isə "Novruz" kubokunun qalibi bəlli olub.
ADPU-nun Quba filialı ilə Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Quba Nümayəndəliyinin birgə təşkilatçılığı "Xəmsə" Milli İntellektual Oyunu üzrə keçirilən "Novruz" kubokunda yarımfinal mərhələsindən keçən "Sirius", "Miracle", "Difai" və "BOT" komandaları finala vəsiqə qazanaraq turnirin qalibi olmaq uğrunda mübarizə aparıblar. Yekunda bütün rəqiblərini qabaqlayan "Miracle" komandası 2600 xalla kubokun sahibi olub.
Komanda üzvlərinə hədiyyələr və kubok təqdim olunub.
ADPU-nun Şamaxı filialında da Novruz şənliyi keçirilib.
Xalqımızın adət-ənənələrini özündə əks etdirən tədbirdə filialın
rəhbərliyi, müəllim və tələbə heyəti iştirak edib. Şənlikdə
tələbələrin hazırladığı bayram xonçaları, müxtəlif növ şirniyyatlar
və Novruz bayramı ilə bağlı maraqlı əl işləri sərgilənib. Milli
geyimdə olan tələbələrin musiqi sədaları altında ifa etdikləri
rəqslər, bayramın rəmzlərindən olan səməni və xonçaların nümayişi,
Novruz personajları - Kosa, Keçəl və Bahar qız tədbir
iştirakçılarına xoş ovqat bəxş edib. TGT nəzdində fəaliyyət
göstərən Rəqs Klubunun fəal üzvləri “Səməni” , “Sozaleh” kimi rəqs
nömrəli təqdim ediblər.
Bayram şənliyində tələbələrin iştirakı ilə kiçik səhnəciklər
nümayiş olunub, maraqlı oyunlar, ən yaxşı süfrə dekorasiyası, ən
gözəl şəkərbura bəzəyi, yumurta boyanması, səməni, yumurta döyüşü
kimi yarışlar keçirilib. Yarışlarda qalib olan tələbələrə diplomlar
və hədiyyələr təqdim olunub.
Şənlikdə, həmçinin bayram tonqalı qalanıb, müəllim və tələbələr tonqal ətrafında yallı gediblər.