...

Səhiyyə Nazirliyində İsveçrənin tibbi avadanlıq istehsalı üzrə aparıcı şirkətinin nümayəndələri ilə görüş keçirilib (FOTO)

Cəmiyyət Materials 30 Mart 2023 12:25 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Səhiyyə Nazirliyində İsveçrənin tibbi avadanlıq istehsalı üzrə aparıcı şirkəti olan “Roche Diaqnostics” şirkətinin nümayəndələri ilə görüş keçirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, giriş sözü ilə çıxış edən səhiyyə naziri Teymur Musayev vurğulayıb ki, Azərbaycanla İsveçrə dost və tərəfdaş ölkələrdir. Onun sözlərinə görə, Azərbaycan onun müstəqilliyini tanıyan ilk dövlətlərdən biri kimi İsveçrə ilə əməkdaşlığın dərinləşməsinə xüsusi önəm verir: “Dövlət başçılarının müntəzəm görüşləri, eyni zamanda hökumət üzvlərinin qarşılıqlı səfərləri iki ölkə arasında müxtəlif istiqamətlərdə münasibətlərin inkişafında mühüm rol oynayır”.

Öz çıxışında nazir ölkələrimiz arasında səhiyyə sahəsində də məhsuldar əməkdaşlıq əlaqələrin mövcudluğunu vurğuladı. Onun sözlərinə görə, yüksək ixtisaslı həkimləri və ən müasir tibb müəssisələrini özündə birləşdirən İsveçrə səhiyyə sistemi dünyada nümunəvi model kimi tanınır. Həmçinin, İsveçrə əczaçılıq və tibb avadanlıqlarının istehsalı və satışı üzrə dünyanın aparıcı ölkələrindən biridir.

Öz növbəsində "Roche Diagnostics” şirkətinin Türkiyə, Mərkəzi Asiya və Qafqaz bölgəsi üzrə baş meneceri Cordi Fernandez və şirkətin Mərkəzi Asiya və Qafqaz ölkələri üzrə rəhbəri Hasan Demirci Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduqlarını vurğuladılar. Bildirildi ki, “Roche Diagnostics” şirkəti xərçəng, ağır virus infeksiyaları, otoimmün iltihabi xəstəliklər, mərkəzi sinir sisteminin fəaliyyətinin pozğunluqları və maddələr mübadiləsinin müalicəsinə yönəlmiş biotexnoloji məhsulların aparıcı istehsalçısıdır.

İsveçrə şirkətinin nümayəndələri həmçinin bu sahədə öz təcrübələrini yerli mütəxəssislərlə bölüşməyə hazır olduqlarını bildiriblər.

Görüşün sonunda tərəflər səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi və maraq doğuran digər məsələlərlə bağlı geniş fikir mübadiləsi aparıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti