...

Bakıda Minifutbol üzrə Beynəlxalq Turnirə start verildi (FOTO)

Cəmiyyət Materials 2 May 2023 15:10 (UTC +04:00)
Bakıda Minifutbol üzrə Beynəlxalq Turnirə start verildi (FOTO)

Bakı. Trend:

Mayın 1-də Azərbaycan Minifutbol Federasiyasının (AMF) təşkilatçılığı və Gənclər və İdman Nazirliyinin dəstəyilə ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş minifutbol üzrə Beynəlxalq Turnirin açılış mərasimi keçirilib.

Trend xəbər verir ki, tədbirdə idman federasiyalarının rəhbərləri, Türkiyə, Çexiya səfirləri və digər ölkələrin Azərbaycandakı diplomatları iştirak ediblər.

Tədbir Azərbaycanın dövlət himninin ifası ilə başlayıb.

Daha sonra ümummilli liderin idmana diqqət və qayğısını əks etdirən videoçarx nümayiş olunub.

Mərasimdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov ölkəmizdə həyata keçirilən idman siyasətindən və idmanın inkişafından, idmançılarımızın beynəlxalq idman yarışlarında əldə etdikləri uğurlu nəticələrdən və Azərbaycanda keçirilən idman yarışlarının sayının ilbəil artdığından danışıb.

Azərbaycan Minifutbol Federasiyasının fəxri prezidenti, "Zirə" Futbol Klubunun Müşahidə Şurasının sədri Orxan Məmmədov Azərbaycanda idman siyasətinin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin idmanın və idmançılarımızın inkişafına göstərdiyi böyük diqqət və qayğı nəticəsində beynəlxalq yarışlarda yeni qələbələr qazanıldığını vurğulayıb. Orxan Məmmədov ölkəmizdə minifutbolun inkişafı və minifutbol üzrə Beynəlxalq Turnirin məqsədləri barədə fikirlərini bölüşərək turnirin dostluq mühitində keçəcəyinə və yaddaşlarda qalacağına inandığını qeyd edib, həmçinin yarışlarda iştirak edəcək komandalara müvəffəqiyyət arzulayıb.

Dünya Minifutbol Federasiyasının (WMF) prezidenti Filip Cuda isə Azərbaycan minifutbol üzrə Avropa çempionu olduqdan sonra ölkədə bu idman növünə marağın daha da artdığını və bu kimi nüfuzlu beynəlxalq turnirlərin bu idman növünün təbliğində mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını deyən F.Juda idmanın inkişafına dövlət səviyyəsində göstərilən diqqətin dəfələrlə beynəlxalq idman təşkilatları və federasiyaları tərəfindən təqdir edildiyini bildirib.

Çıxışlardan sonrna açılış mərasimi bədii proqramla davam edib. Sonda turnirdə mübarizə aparan 10 ölkənin komandaları səhnəyə dəvət olunublar.

Turnirin birinci günü A qrupunda Serbiya yığması Gürcüstan yığmasına 1:0 minimal hesabla qalib gəlib. B qrupunda keçirilən Ukrayna-Qazaxıstan matçında vurulan yeganə qol Qazaxıstana qələbə qazandırıb.

Günün sonunda Azərbaycan və Çexiya yığmaları görüşüblər. Oyun heç-heçə başa çatıb. B qrupunda Fransa və CAR yığmaları arasında görüş keçirilib və oyun 11:00 hesabı ilə başa çatıb.

Qeyd etmək lazımdır ki, turnirdə qrup mərhələsində Azərbaycan yığması İtaliya, Gürcüstan və Serbiya yığmaları ilə üzləşəcək.

Turnirin pley off və yarımfinal oyunları mayın 5-də, final oyunu isə mayın 6-da saat 20:30-da keçiriləcək.

Aşağıda Azərbaycan yığmasının iştirakı ilə oyun cədvəlini təqdim edirik:

2 may 2023-cü il

Azərbaycan-İtaliya (20:30)

3 may 2023-cü il

Azərbaycan-Gürcüstan (20:30)

4 may 2023-cü il

Azərbaycan-Serbiya (19:00)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti