...

Mopedlərlə bağlı suallara aydınlıq gətirildi

Cəmiyyət Materials 12 Avqust 2023 16:51 (UTC +04:00)
Mopedlərlə bağlı suallara aydınlıq gətirildi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Mopedlərin qeydiyyatı və idarə edənlərin sürücülük hüququnun olması təhlükəsizliyə xidmət edir.

Trend xəbər verir ki, bunu Bakı şəhər Dövlət Yol Polis İdarəsinin əməkdaşı, polis mayoru Araz Əsgərli bildirib.

"Yol hərəkəti haqqında” Qanunun 27-ci maddəsinə edilmiş dəyişikliyə əsasən, 2023-cü ilin 1 avqust tarixindən mühərrikinin işçi həcmi 50 kub santimetr və daha çox, yaxud maksimal hərəkət sürəti saatda 50 kilometrdən artıq olan mopedlərin qeydiyyata alınması, habelə onların idarə edilməsi üçün sürücülük vəsiqəsi tələb olunur.

Mopedlərin qeydiyyatı və onları idarə edənlərin sürücülük hüququnun olması məhz yol hərəkəti iştirakçılarının təhlükəsizliyinə xidmət edir. Belə ki, həmin nəqliyyat vasitələrinin iştirakı ilə yol hərəkəti qaydalarının kütləvi şəkildə pozulması - faktiki olaraq həm onları idarə edən, həm də digər şəxslərin həyat və sağlamlığı üçün böyük təhlükə mənbəyinə çevrilmiş, eləcə də, xəsarət, ölüm, maddi ziyanla nəticələnən yol-nəqliyyat hadisələrinin dinamikasında ciddi artıma səbəb olmuşdu", - A.Əsgərli vurğulayıb.

Onun sözlərinə görə, eyni zamanda, moped sürücülərinin təkcə cari ildə törətdiyi yol hərəkəti qaydaları əleyhinə olan pozuntularla əlaqədar vətəndaşlardan daxil olmuş 3000-dən artıq şikayətin hər birində hərəkət iştirakçıları polisdən bu sahədə təsirli tədbirlərin görülməsini tələb edirdi.

Mopedlərin alqı-satqısı və qeydiyyat məsələlərinə gəlincə, Araz Əsgərli qeyd edib ki, alqı-satqı müqaviləsi əsasında mopedlər DİN-in Baş Dövlət Yol Polis İdarəsində rəsmiləşdirilir:

“Əgər moped hissə-hissə ödəmə (kredit) ilə alınıbsa, qeydiyyat məsələsi satışı həyata keçirən şirkətin nümayəndəsinin iştirakı ilə həll edilir. Heç bir sənədi olmayan moped sahibləri isə həmin nəqliyyat vasitəsinə mülkiyyət hüququnu yalnız məhkəmə qərarı əsasında rəsmiləşdirə bilərlər. Zəruri halda polis əməkdaşları öz səlahiyyətləri daxilində moped sürücülərinə bütün lazımi köməklikləri də göstərirlər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti