Bakı. Trend:
Özbəkistanın Səmərqənd şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin səhiyyə nazirlərinin III iclası və Türk Tibb Dünyası Konqresi öz işinə başlayıb.
Trend xəbər verir ki, Türk Dövlətləri Təşkilatının və Özbəkistan Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən beynəlxalq tədbirdə TDT-yə üzv və müşahidəçi ölkələrin səhiyyə nazirləri, ali tibb təhsili qurumlarının rəhbərləri, həmçinin müxtəlif ölkələrdən dəvət olunmuş elm adamları iştirak edirlər.
Tədbirdə ölkəmiz səhiyyə naziri Teymur Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur.
Açılış nitqi ilə çıxış edən Səmərqənd vilayətinin başçısı Erkinjon Turdimov tədbir iştirarakçılarını salamlayaraq iclasın işinə uğurlar arzulayıb.
Öz çıxışında Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev tədbirin səmərəli keçəcəyinə və gələcəkdə səhiyyə sahəsində əlaqələrin daha da möhkəm təməl üzərində qurulacağına əminliyini ifadə edib. Kubanıçbek Ömüralıyev müzakirə ediləcək məsələlərin və qəbul olunacaq qərarların yeni aspektdə Təşkilatın işinə mühüm təkan verəcəyini qeyd edib.
İclasda çıxış edən Azərbaycanın səhiyyə naziri Teymur Musayev Türk Dövlətləri Təşkilatı və Özbəkistan Səhiyyə Nazirliyi tərəfindən keçirilən tədbirin yüksək səviyyədə təşkil olunduğunu və ölkələr arasında əməkdaşlığın müasir müstəvidə yeni prizmadan inkişafına təkan verəcəyini vurğulayıb: “Prezident İlham Əliyev TDT-nin IX Zirvə görüşündə çıxışında qeyd edib ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə bütün sahələrdə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetləri sırasındadır. Dövlət başçılarının birbaşa dəstəyi və himayəsi altında ölkələrimizin ictimai, siyasi, iqtisadi, mədəni, sosial həyatının bütün sahələrində əməkdaşlıq əlaqələri yüksələn xətlə inkişaf edir. Bu həm Təşkilat çərçivəsində, eyni zamanda ikitərəfli münasibətlərdə özünü ən yüksək şəkildə göstərir”.
Azərbaycanın səhiyyə naziri ölkələr arasında möhkəm təməllər üzərində qurulan münasibətlərin səhiyyə sahəsində də əlaqələrin ən yüksək şəkildə inkişafına zəmin yaratdığını vurğulayıb: “Təşkilata üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin və elm adamlarının iştirakı ilə yaradılan bugünkü platforma nəinki təşkilatda təmsil olunan ölkələrin tibb mütəxəssisləri ilə, eyni zamanda digər ölkələrdə fəaliyyət göstərən türksoylu peşəkarlarla əlaqələr qurmaq, onların təcrübələri ilə tanış olmaq və gələcəkdə qarşılıqlı əməkdaşlıq imkanları üçün geniş perspektivlər müəyyənləşdirir. Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrinin vahid tibb elmi məkanının yaradılması, birgə elmi-tədqiqatların aparılması, vahid tibb təhsili standartlarının müəyyənləşdirilməsi, davamlı tibbi təhsilin təmin edilməsini birgə fəaliyyətimizin başlıca istiqamətləri kimi hesab edirik. Səhiyyədə informasiya-kommunikasiya texnologiyalarının sürətli tətbiqi Təşkilat çərçivəsində vahid elektron səhiyyə standartlarının hazırlanması ilə sərhədlərarası pasiyent məlumatlarının mübadiləsini mümkün edir”.