Bakı. Trend:
Bu il Şuşada 17 binadan ibarət yaşayış kompleksinin tikintisinə
başlanılacaq.
Trend-in məlumatına görə, bunu
Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonundakı xüsusi
nümayəndəsi Aydın Kərimov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, şəhərdə infrastruktur işləri də davam etdiriləcək,
10 binadan ibarət yeni mərkəzi küçə gələn ilin may ayında
istifadəyə veriləcək. İlin sonunda Şuşada ilk yaşayış kompleksinin
inşası başa çatacaqdır və qısa müddət sonra 400-ə yaxın ailənin
Şuşaya köçürülməsi təmin olunacaq.
"Şuşada abidələrin, xüsusilə də dini abidələrin bərpası uğurla davam etdirilir. Artıq Yuxarı Gövhərağa və Saatlı məscidi bərpa olunub.
Bildiyimiz kimi, Qətərin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Qarabağımızın incisi Şuşa şəhəri 2024-cü il üzrə “İslam dünyasının mədəniyyət paytaxtı” adına layiq görülüb.
Güman edirəm ki, gələn il İslam dünyasının Mədəniyyət paytaxtı ili üçün Aşağı Gövhərağa məscidinin bərpası yekunlaşacaq. Şuşaya artıq axund təyin olunub və bu yaxınlarda fəaliyyətə başlayacaq", - deyə A.Kərimov qeyd edib.