Bakı. Trend:
Nazirlər Kabinetinin “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” müvafiq qərarına əsasən, beşgünlük iş həftəsi ilə fəaliyyət göstərən təhsil müəssisələrində cari həftə son iş günü 4 noyabr, növbəti həftənin iş günləri 6, 7 noyabr, bayramdan sonra ilk iş günü isə 13 noyabrdır.
Trend xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Bildirilib ki, altıgünlük iş həftəsi ilə fəaliyyət göstərən təhsil müəssisələrində cari həftə son iş günü 4 noyabr, növbəti həftənin iş günləri 6, 7 noyabr, bayramdan sonra iş günləri 10-11 noyabr tarixləri müəyyən olunub.
Qeyd edək ki, Nazirlər Kabineti “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” qərar verib. Sənədə əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2023-cü il 10 noyabr iş günü ilə 4 noyabr istirahət gününün yerləri dəyişdirilib. Beləliklə, noyabr ayında ardıcıl 5 gün – 8, 9, 10, 11 və 12 noyabr tarixləri qeyri-iş günü olacaq. Noyabrın 4-ü - şənbə günü isə rəsmi iş günüdür.