Bakı. Trend:
Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi çox mükəmməl hazırlanmış qanun layihəsidir. Dövlət büdcəsində Azərbaycan dövlətinin əldə etdiyi böyük nailiyyətlər, inkişaf prioritetləri öz əksini tapmışdır. Ötən müddət ərzində iqtisadiyyatın davamlı və dayanıqlı inkişafı, əhalini sosial müdafiəsi, təhlükəsizliyi və dövlət suverenliyi tam təmin edilib.
Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Milli Məclisinin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zaman Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev deyib.
O qeyd edib ki, 2024-cü ilin dövlət büdcəsinin həm gəlirləri, həm də xərcləri 2023-cü ilin proqnozu ilə müqayisədə artaraq gəlirlər 34173,0 milyon manat, xərclər isə 36763,0 milyon manat təşkil edəcəkdir.
“Bu bir daha onu göstərir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bütün sahələrdə həyata keçirdiyi islahatlar və o cümlədən sosial-iqtisadi Strategiyası ölkənin davamlı inkişafını tam edir və yeni hədəflərin əldə edilməsinə möhkəm iqtisadi-siyasi baza yaradır. Bütün bunlar vətəndaşların firavan həyatının, xoşbəxt gələcəyinin möhkəm təminatıdır.
Bir məsələni isə xüsusilə vurğulamaq istərdim. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin komandanlığı ilə qəhrəman əsgər və zabitlərimiz müqəddəs torpaqlarımızı - Qarabağı və Şərqi Zəngəzuru Ermənistanın işğalından azad edərək dövlətimizin ərazi bütövlüyünü və suverenliyini tam təmin etdikdən dərhal sonra həmin ərazilərdə tarixin ən böyük quruculuq işlərinə başlanıldı. Ermənistanın ərazilərimizi işğal etdikdən sonra bütün şəhər və kəndləri, mədəniyyət abidələrini vəhşicəsinə dağıtdı, həyata keçirdiyi genişmiqyaslı etnik təmizləmə nəticəsində isə bir milyondan çox azərbaycanlı 30 il acı qaçqın və köçkün həyatı yaşamağa məcbur edildi. Amma bu gün onlar Azərbaycanın öz vəsaiti hesabına tikdiyi ən müasir “ağıllı” şəhər və kəndlərə - doğma ellərə böyük arzularla, sevinclə köçürlər.
Bu işlərin sürətləndirilməsi üçün 2024-cü ilin dövlət büdcəsində
Böyük Qayıdışa dair I Dövlət proqramının icrasına 4 milyard manat
vəsaitin ayrılması tezliklə azad edilmiş ərazilərdə yeni həyatın
möhkəm təməl üzərində qurulacağını göstərir. Budur müstəqil
Azərbaycan dövlətinin qüdrəti!
Bütün görülən işlərə görə seçicilərim olan keçmiş məcburi köçkünlər
adından və öz adımdan Cənab Prezident İlham Əliyevə dərin
minnətdarlığımı bildirirəm. Xalq öz Liderini – Prezident İlham
Əliyev dərin məhəbbət və ehtiramla sevir, ona inanır və dəmir
yumruq kimi birləşərək onun siyasətini tam dəstəkləyir”, - deyə
B.Əliyev vurğulayıb.
O qeyd edib ki, təhsil sahəsində 2023-cü ildə başlamış və davam edən islahatlar bir çox istiqamətlər üzrə öz müsbət nəticəsini artıq göstərməkdədir.
“Hesab edirik ki, bu işlərin gələn il və növbəti illərdə də davam etdirilməsi üçün dövlət büdcəsində kifayət qədər vəsait və ən əsası isə nəticəyönümlü məqsədli proqramların maliyyələşdirilməsi nəzərdə tutulur. Bu məqsədlə 2024-cü il Dövlət büdcəsində “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın tədbirlər planında təhsil sahəsi üçün müəyyən edilmiş sahələrdə islahatların davam etdirilməsinə, ümumilikdə 17 tədbirin həyata keçirilməsinə 247,1 milyon manatın ayrılması proqnozlaşdırılır.
Növbəti il üçün təhsil xərclərinə 4549,9 milyon manat vəsaitin ayrılması, bu vəsaitin ÜDM-də xüsusi çəkisinin 3,8 faiz olması, dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisinin 12,4 faiz olması təhsilin dövlətin əsas prioritetlərindən biri olduğunun göstəricisidir.
Bu büdcə gələn il ali təhsilə əlçatanlığın genişləndirilməsinə (dövlət hesabına qəbul yerlərinin-10645 nəfər, təqaüdlərin artırılması-10284 nəfər və s.), peşə təhsilinin keyfiyyətinin artırılmasına, məktəbəqədər təhsil müəssisələrinin şəbəkəsinin böyüməsinə, məktəbəhazırlığa cəlb edilənlərin sayının artırılmasına və təhsilverənlərin sosial müdafiəsinin mərhələli şəkildə gücləndirilməsinə imkan verəcəkdir.
Təhsil Tələbə Kredit Fondunun vəsaitləri 8,0 milyon manat artırılaraq 118,0 milyon manata çatdırılacaqdır. Təklif edirəm ki, Təhsil Tələbə Kredit Fondunun vəsaitləri təhsilalanların təkcə təhsil haqlarının qarşılanması üçün deyil, həm də həssas qrupdan olan təhsilalanların təhsillə bağlı digər xərclərinin ödənilməsinə də yönələndirilsin. Bu, peşə və ali təhsilin həssas qrupdan olan vətəndaşlarımız üçün də əlçatanlığı tam təmin edə bilər. Çünki bir çox hallarda həssas qurupdan olan şəxslər təhsillə bağlı digər xərcləri qarşılamaqda maliyyə çətinliyi ilə üzləşirlər və təhsil almaqdan imtina etməyə məcbur olurlar.
Elm xərcləri 3,5 milyon manat artırılaraq 2024-cü il üçün 228,8 milyon manata çatdırılacaqdır. Hesab edirik ki, bilik iqtisadiyyatının formalaşmasında nəticəyönümlü elmi araşdırmaların və elmi yeniliklərin mühüm rolunu nəzərə alaraq, elmə ayrılan vəsaitin strukturuna yenidən baxılmalı, elmi tədqiqatların layihələri əsasında tədbirlər planı hazırlanmalı və nəticəyönümlü məqsədli proqramlar maliyyələşdirilməlidir.
Şübhəsiz ki, elmə və təhsilə ayrılan vəsait və həyata keçirilən islahatlar təqdirəlayiqdir və təhsilin, elmin davamlı inkişafını təmin edəcəkdir”, - deyə B.Əliyev əlavə edib.