Bakı. Trend:
Dekabrın 27-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU)
Beynəlxalq əlaqələr üzrə prorektorluq və Filologiya fakültəsinin
təşkilatçılığı ilə Milli Məclisin deputatı, Xalq şairi Sabir
Rüstəmxanlı ilə görüş keçirilib.
Görüşdə ADPU-nun rəhbərliyi, prorektorlar, fakültə dekanları və
müvafiq struktur bölmələrin rəhbərləri, o cümlədən Filologiya
fakültəsinin professor-müəllim heyəti və tələbələr iştirak
ediblər.
Universitetdən Trend-ə bildirilib ki, görüşü giriş sözü ilə açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov görkəmli şair və ictimai xadim olaraq Sabir Rüstəmxanlının Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin, ədəbiyyatının inkişafı və təbliğindəki roluna diqqət çəkib.
Daha sonra şairin həyat yolu və yaradıcılığının əsas
məqamlarının əks olunduğu videoçarx nümayiş olunub.
Məruzə ilə çıxış edən prof. Təyyar Salamoğlu, prof. Elman Quliyev,
prof. Yaqub Babayev və dos. Qüdrət Umudov Sabir Rüstəmxanlının
yaradıcılığının zənginliyindən, poeziyasının incəliklərindən söz
açaraq, şairin yaradıcılığının milli səciyyəsini vurğulamış, onunla
bağlı xatirələrindən danışmışlar.
Bədii hissədə “Meh” ədəbi dərnəyinin qiraətçilərinin ifasında
şairin “Bayrağım”, “Sağol, ana dilim”, “Gecə-gündüz”, “Millətəm”
şeirləri ifa olunub, “Sənin gözlərində” və “Geri verərmi”
şeirlərinin sözlərinə bəstələnmiş mahnılar Filologiya fakültəsinin
məzunu, müğənni Məxfirət Əlişanovanın ifasında təqdim olunub. “Meh”
ədəbi dərnəyinin üzvü Türkan Kazımova görkəmli şəxsiyyətlər və
qələm dostlarının Sabir Rüstəmxanlı haqqında söylədikləri fikirləri
səsləndirib.
Filologiya fakültəsinin tələbələrinin suallarını cavablandırdıqdan
sonra çıxış edən Xalq şairi Sabir Rüstəmxanlı dəvətə görə ADPU-nun
beynəlxalq əlaqələr üzrə prorektoru, prof. Mahirə Hüseynovaya və
fakültə dekanı, fil.ü.f.d., dosent əvəzi Könül Həsənovaya təşəkkür
edib, müəllim və tələbələrin görüşündə olmaqdan məmnunluğunu ifadə
edib.
Sonda prof. Mahirə Hüseynova Sabir Rüstəmxanlının ictimai-siyasi
fəaliyyətinin milli-vətənpərvərlik ruhunun təbliğinə və xalqın
tərəqqisinə xidmət etdiyini diqqətə çatıraraq, şairə yeni-yeni
uğurlar arzulayıb, dəvəti qəbul etdiyinə görə təşəkkürünü
bildirib.