Bakı. Trend:
Dekabrın 27-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin Strateji İnkişaf Mərkəzi (ADPU SİM) tərəfindən IELS - Beynəlxalq Erkən Öyrənmə Tədqiqatı ilə bağlı məlumatlandırma seminarı təşkil olunub.
Məlumatlandırma seminarında Bakı və Sumqayıt şəhərlərindən tədqiqata cəlb olunan məktəbəqədər təhsil müəssisələrinin tərbiyəçiləri iştirak ediblər. 100-ə yaxın tərbiyəçinin iştirak etdiyi seminar iki sessiyada fərqli qruplarla təşkil olunub.
Pedaqoji Universitetin V tədris binasında təşkil olunan görüşdə məktəbəqədər təhsilin, erkən öyrənmənin uşaqların inkişafındakı rolu, ölkəmizin öncəki illərdə iştirak etdiyi tədqiqatların hesabatları barədə danışılıb. Bu hesabatlarda məktəbəqədər təhsil ilə bağlı çağırışlar diqqətə çatdırılıb. Bunlarla yanaşı, IELS beynəlxalq tədqiqatının məhz 5 yaşlı uşaqları əhatə etməsinin önəmi və səbəbləri müzakirə edilib.
Ölkəmizin ilk dəfə iştirak edəcəyi tədqiqat əsasında 5 yaşlılarda ölçülməsi nəzərdə tutulan 4 əsas bacarıq – ilkin savadlılıq, ilkin hesablama, özünü tənzimləmə və sosial-emosional bacarıqları özündə əks etdirən oyun əsaslı fəaliyyətlər haqqında məlumatlar tərbiyəçilərin diqqətinə çatdırılıb və birlikdə fikir mübadiləsi aparılıb.