...

Zərifə xanım Əliyeva həyatını tibb elminin inkişafına həsr etmiş nümunəvi Azərbaycan qadınıdır - Deputat

Cəmiyyət Materials 15 Aprel 2024 10:33 (UTC +04:00)
Zərifə xanım Əliyeva həyatını tibb elminin inkişafına həsr etmiş nümunəvi Azərbaycan qadınıdır - Deputat
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Elə insanlar vardır ki, tarix onları unutmur, hər zaman xalqın qəlbinə yaşayırlar. Ona görə ki, onlar öz həyatlarını elə bir sahəyə həsr edirlər ki, dünyadan köçsələr də, gələcək nəsillər onların fəaliyyətindən bəhrələnir. Dünya şöhrətli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyeva da bu cür insanlar sırasındadır. Azərbaycan tibb elminin inkişafında müstəsna xidmətlər göstərmiş Zərifə Əliyevanın elmi fəaliyyəti bu gün də tədqiq edilir və göz xəstəliklərinin müalicəsinə böyük faydalar verir.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

O bildirib ki, Zərifə xanım Əliyeva öz həyatını Azərbaycan tibb elminin inkişafına həsr etmiş nümunəvi Azərbaycan qadınıdır.

“Zərifə Əliyeva öz səmərəli fəaliyyəti, böyük fədakarlığı və geniş elmi araşdırmaları ilə Azərbaycan tibb elminə çox mühüm yeniliklər gətirib. Gələcək taleyini tibb elminə həsr etməyi qarşısına məqsəd qoyan Zərifə xanım 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olur və 1947-ci ildə institutu əla qiymətlərlə bitirir. 1949-cu ildən başlayaraq Zərifə Əliyeva Azərbaycan Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayır, 1950-ci ildə isə aspiranturaya daxil olur, praktik əməli həkim fəaliyyəti ilə yanaşı elmi axtarışlarını davam etdirir və bir çox uğurlu nəticələr əldə edir. Zərifə Əliyevanın Azərbaycan tibb elminə gətirdiyi yeniliklər bir çox insanı kor olmaqdan xilas edib.

Zərifə Əliyevanın fəaliyyəti dövründə Azərbaycanda gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan traxoma infeksion xəstəliyi geniş yayılmışdı. Həmin dövrdə bu xəstəlik xalqımız üçün ciddi bəlaya çevrilmişdi. Ona görə də bu ağır xəstəliyin müalicəsi və insanlarımızın görmə qabiliyyətinin itirilməsi təhlükəsindən xilas edilməsi təkcə oftalmologiya elmi üçün deyil, bütövlükdə respublikanın səhiyyəsi üçün mühüm əhəmiyyət daşıyırdı.

Belə bir çətin dövrdə Zərifə Əliyevanın traxoma xəstəliyi ilə bağlı apardığı elmi axtarışlar və səmərəli praktiki fəaliyyəti böyük uğurla nəticələnir. Məhz Zərifə xanımın təklif etdiyi müalicə metodu tezliklə bütün respublikada tətbiq edilir və ölkəmiz bu bəladan xilas olur. Traxomanın sosial xəstəlik kimi ləğv olunması məhz Zərifə xanımın adı ilə bağlıdır”, - deyə deputat əlavə edib.

A.Həsənova qeyd edib ki, Zərifə xanm Əliyeva peşəkar fəaliyyəti ilə yanaşı, həm də çox qayğıkeş bir insan kimi tarixin yaddaşında qalıb.

“Zərifə xanım Əliyeva hər zaman kimsəsiz uşaqlara böyük qayğı ilə yanaşıb. Belə ki, Zərifə xanım Əliyeva uşaq evlərində tərbiyə alan kimsəsiz uşaqlar arasında yayılan traxoma xəstəliyinin qarşısını almaqda xüsusi xidmət göstərib.

Böyük alim yalnız çalışdığı institutda fəaliyyət göstərməklə kifayətlənmirdi, o, respublikanın şəhər və rayonlarını bir-bir gəzərək, xəstəliyin yaranma səbəblərini araşdırır və xəstəlik ocaqlarında kompleks şəkildə müalicə-profilaktik tədbirləri həyata keçirirdi.

Zərifə xanım peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərini dünyada ilk araşdıran alimlərdən olub, əslində, elm aləmində yeni bir istiqamətin - peşə oftalmologiyasının əsasını qoyub. Dünyada bu sahədə ilk elmi tədqiqat laboratoriyasını da məhz o, yaradıb.

Zərifə xanım böyük tətbiqi əhəmiyyət kəsb edən tədqiqatların istiqamətləri geniş idi. Alim öz tədqiqatlarında oftalmologiyanın bir sıra aktual məsələlərinə xüsusi diqqət yetirirdi: diaqnostika, qlaukomanın və görmə orqanının iltihabının müalicəsi və s. Onun diqqətini oftalmologiyanın elmi cəhətdən az araşdırılmış sahəsi – görmə orqanının patologiyası cəlb edir. Bu problemin aktuallığı yalnız kimya və elektronika sənayesinin geniş inkişafı ilə yox, həm də bir çox yeni kimyəvi birləşmələrin görmə orqanına təsirinin demək olar ki, elmi şəkildə tədqiq olunmaması ilə əlaqədar idi”, - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti