Bakı. Trend:
Bir sıra hallarda vətəndaşlara ünvanlı sosial yardım almaqda guya köməklik edəcəkləri vədləri ilə onların vəsaitlərini mənimsəməyə çalışan vasitəçilərin olması faktları ilə qarşılaşırıq.
Trend xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun ünvanlı sosial yardımın düzəldilməsi ilə bağlı vətəndaşlara müraciətində deyilir.
Bildirilir ki, Fond tərəfindən bu barədə bir neçə dəfə
xəbərdarlıq məlumatları paylaşılaraq, vətəndaşlara belə dələduz
vasitəçilərdən uzaq olmaq tövsiyə edilib: “Bir daha vətəndaşların
diqqətinə çatdırırıq ki, ünvanlı yardımın təyinatı elektron sistem
üzərindən, hər hansı kənar müdaxilə mümkün olmadan həyata
keçirilir.
Sosial yardım təyinatı üçün yalnız elektron qaydada müraciət edilir
və müraciət etmək üçün də heç bir ödəniş tələb edilmir.
Müraciətə e-sistem üzərindən və müxtəlif qurumların informasiya
ehtiyatlarına inteqrasiya əsasında baxılır.
Yardım təyin olunub-olunmamasına dair qərar e-qaydada qəbul olunur
və bununla bağlı olaraq da vətəndaşlara SMS-bildiriş
göndərilir”.
Qeyd edilib ki, istənilən şəxs ünvanlı yardım, bu yardımın hansı
ailələrə təyin edildiyi və s. barədə Nazirliyin sosial.gov.az
saytında “Fəaliyyət” bölməsindəki “Ünvanlı dövlət sosial yardımı”
altbölməsindən
(www.sosial.gov.az/fealiyyet/destek-istiqametleri/unvanli-dovlet-sosial-yardimi)
ətraflı məlumat əldə edə, habelə həmin altbölmədən ünvanlı yardım
üçün müraciət də edə bilər. Eyni zamanda, “142” Çağrı mərkəzinə də
müraciət edərək, bu mövzuda ətraflı məlumat almaq olar.