...

Təhsilverənlərin etik davranış Qaydaları təsdiqlənib

Cəmiyyət Materials 23 May 2024 15:18 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Təhsilverənlərin etik davranış Qaydaları təsdiqlənib.

Trend xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin Kollegiyası qərar verib.

Qərara əsasən, təhsilverən əmək funksiyalarının icrası zamanı Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası qanunlarının, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin və digər normativ hüquqi və normativ xarakterli aktların tələblərinə əməl etməlidir.

Təhsilverən cəmiyyət və dövlətin maraqları naminə öz fəaliyyətini keyfiyyətlə və səmərəli yerinə yetirməyə borcludur. Təhsilverən hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır.

Təhsilverən vəzifəsinə aid olmadığı hallarda işlədiyi və digər təhsil müəssisələrinin, dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir; Təhsilverən öz fəaliyyəti ilə bağlı mediada və sosial şəbəkələrdə çıxışlarında çalışdığı müəssisə tərəfindən müəyyən olunmuş qaydalara əməl etməlidir.

Təhsilverən təhsil prosesinin iştirakçıları ilə davranışında nəzakətli və təmkinli olmalıdır; Təhsilverən xidməti fəaliyyəti ilə əlaqədar iradlara, tənqidi fikirlərə hörmətlə yanaşmalı və onları dəyərləndirməlidir; Təhsilverənin xarici görkəmi və geyimi çalışdığı təhsil müəssisəsinin daxili nizam-intizam qaydalarına uyğun olmalıdır.

Bildirilib ki, təhsilverən vəzifəsini yerinə yetirərkən qərəzsiz olmalı, irqinə, etnik mənsubiyyətinə, dilinə, cinsinə, sosial mənşəyinə, dinə münasibətinə, əqidəsinə, ictimai və ya siyasi mənsubiyyətinə görə təhsilalanlara və təhsil prosesinin digər iştirakçılarına fərq qoymamalıdır; təhsilverən özünün və ya maraqlı şəxslərin mənafelərinin vəzifə funksiyalarının icrası zamanı ona təsir etməsinə yol verməməli və buna şərait yaratmamalıdır. Təhsilverən təhsil müəssisəsinin nüfuzunu möhkəmləndirməyə, öz adını, şərəf və ləyaqətini uca tutmağa borcludur;

Təhsilverən etik davranış qaydalarının onun tərəfindən pozulmasının nəticələrini aradan qaldırmalı və ictimai etimadın bərpası üçün tədbirlər görməlidir;

Təhsilverən çalışdığı təhsil müəssisəsinin və onun rəhbərliyinin fəaliyyəti barədə media subyektlərinin qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada doğru (dürüst) məlumatlar almasına köməklik göstərməlidir.

İnsanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətinə və işgüzar nüfuzuna hörmət:

Təhsilverən insanların hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf və ləyaqətini, həmçinin işgüzar nüfuzunu ləkələyə biləcək qərarlar qəbul etməməli və hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir;

Təhsilverən qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla vəzifəsinin icrası ilə bağlı təhsilalanların, onların valideynləri və ya digər qanuni nümayəndələrinin, habelə həmkarlarının şəxsi həyatı barədə ona məlum olan informasiyanın məxfiliyini təmin etməlidir;

Təhsilverən vəzifəsinin icrası ilə bağlı ona məlum olan xidməti məlumatların məxfiliyini qorumalı, ictimailəşdirməməli, özünün və digər şəxslərin mənafeyi üçün istifadə etməməlidir.

Təhsilverən şəxsi həyatında milli əxlaq, ictimai davranış normalarına əməl etməlidir. Təhsilverən xidməti fəaliyyətindən kənar sosial münasibətlərinin peşəkar fəaliyyətinə nüfuz etməsinə yol verməməlidir. Təhsilverən sosial media hesablarında onun və işlədiyi müəssisənin adına xələl gətirən, nüfuzunu aşağı salan audio və videomateriallar, təsvirlər paylaşmamalıdır. Təhsilverən ictimai davranış normalarına riayət etməli, cəmiyyətin və ayrı-ayrı fərdlərin hüquqlarının pozulmasına gətirib çıxaran əməllərdən çəkinməli, təbiətin, tarixin və mədəni irsin qorunmasına həssas yanaşmalıdır.

Etik davranış qaydalarına əməl olunmasına nəzarəti müəssisə rəhbəri həyata keçirir.

Müəssisə rəhbəri kollektivi bu Qaydalarla tanış etməlidir; təhsilverənin davranışının bu Qaydalara uyğunluğuna nəzarət etməli, onun təhlili və müzakirəsini aparılmalıdır; təhsilverənləri hüquqa və etik normalara zidd olan hərəkətlərə sövq etməməlidir; etik davranış qaydalarını pozan təhsilverənlərin intizam məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görməlidir; müəssisənin kollektivini və ictimaiyyəti bu Qaydaların pozulması halları ilə bağlı həyata keçirilmiş tədbirlər barədə məlumatlandırmalıdır; bu Qaydaların pozulmasının nəticələrinin aradan qaldırılması, təhsil müəssisəsinə ictimai etimadın artırılması üçün tədbirlər görməlidir.

Xəbər lenti

Xəbər lenti