Bakı. trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST
Agentliyi tərəfindən “Könüllü DOST” proqramının 5 illiyinə həsr
olunmuş “İnklüzivlik ayı” layihəsinin bağlanış mərasimi
keçirilib.
Trend xəbər verir ki,
tədbirdə dövlət və özəl sektor nümayəndələri, QHT nümayəndələri və
digər qonaqlar iştirak ediblər.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev
Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin mühüm
istiqamətlərindən biri kimi həssas əhali qruplarının sosial
müdafiəsinin gücləndirilməsi sahəsində atılan addımları qeyd edib,
bu kateqoriyadan olan şəxslərin yaradıcı potensialının
dəstəklənməsi istiqamətində ardıcıl işlərin aparıldığını
bildirib.
İnklüziv cəmiyyət ideyasının dövlət və özəl qurumları korporativ
sosial məsuliyyətlilik çərçivəsində öz ətrafında daha sıx
birləşdirməsində və cəmiyyətin inkişafında mühüm rolu diqqətə
çatdırılıb.
Tədbirdə “İnklüzivlik ayı” layihəsi çərçivəsində hazırlanmış
işlərdən ibarət sərgi ilə tanışlıq olub, “Səma” rəqs qrupunun və
daun sindromlu gənclərin “Rockabilly dance” rəqs nömrələri,
“Danceability” inklüziv rəqs performansı təqdim olunub.
Ölkədə ilk dəfə daun və autizmli gənclərinin iştirakı ilə “Adaptiv
moda” gecəsi keçirilib, milli ornamentlərə uyğyunlaşdırılan xüsusi
hazırlanmış geyimlər nümayiş etdirilib.
Xalq artisti Tünzalə Ağayeva və “Mavi ürəklər” autizmli gənclərin
xor qrupu, Əməkdar artist Sevda Ələkbərzadə öz ifaları ilə çıxış
ediblər, gözdən əlilliyi olan şəxs tərəfindən “Xarıbülbül” mahnısı
səsləndirilib.
İştirakçılara hesabat videoçarxı təqdim edilib. Layihə çərçivəsində
həyata keçirilən 3 komponent üzrə 11 altlayihəyə indiyədək
ümumilikdə 17 tərəfdaş, 224 benefisiar və 110 könüllü cəlb olunduğu
bildirilib.
Qeyd edək ki, “İnklüzivlik ayı” layihəsi autizm və daun sindromlu
gənclərin, o cümlədən görmə qabiliyyəti məhdud şəxslərin cəmiyyətə
inteqrasiyası, onların asudə vaxtlarının səmərəli keçirilməsi və
korporativ sosial məsuliyyətlilik çərçivəsində dövlət və özəl
təşkilatlarla əlaqələrin inkişaf etdirilməsi məqsədi daşıyıb.
Layihə “PASHA Insurance” və "Badamlı Mineral Sular" MMC-nin baş
sponsorluğu, “Mc Donald`s Azerbaijan”, AFFA, AKTİ, Gənclər Fondu,
"LİBRAFF" mağazalar şəbəkəsi, ŞAH&mat klubu, İçərişəhər Dövlət
Qoruğu, “Natavan Art” moda evi, "Təmiz Şəhər" ASC, “Art and
Creativity Club”, “Beauttech” və “Makeup Academy”-nin sponsorluğu,
"Birgə və Sağlam" İctimai Birliyi, Azərbaycan Gözdən Əlillər
Cəmiyyəti, Daun Sindromlu Gənclərin Reabilitasiya Mərkəzi
(Qayğı-Sağlam Nəsil Naminə İctimai Birlik) və Bakı Konqres
Mərkəzinin tərəfdaşlığı ilə həyata keçirilib.