...

Yenilənmiş "mygov" versiyası sənədləşdirmə prosesini asanlaşdırıb - Rəşad Xalıqov

Cəmiyyət Materials 17 Sentyabr 2024 11:37 (UTC +04:00)
Yenilənmiş "mygov" versiyası sənədləşdirmə prosesini asanlaşdırıb - Rəşad Xalıqov
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Yenilənmiş "mygov" platforması mühüm hadisələrin sənədləşdirilməsini əhəmiyyətli dərəcədə asanlaşdırıb.

Trend xəbər verir ki, bu barədə Azərbaycanın Nəqliyyat və Rəqəmsal İnkişaf Nazirliyi yanında İnnovasiyalar və Rəqəmsal İnkişaf Agentliyinin idarə heyətinin sədr müavini Rəşad Xalıqov "mygov" rəqəmsal hökumət platformasının yenilənmiş versiyasının təqdimatında bildirib.

“Yenilənmiş platforma mühüm hadisələrin, məsələn, nikah, uşaqların doğulması və yaxın qohumların vəfatının sənədləşdirilməsini əhəmiyyətli dərəcədə asanlaşdırıb. İndi nikah üçün lazım olan sənədləri rəqəmsal formatda təqdim etmək, yeni doğulmuş uşaqları onlayn qeydiyyatdan keçirmək və qohumların vəfatını da platforma vasitəsilə qeyd etmək mümkündür. "mygov" tətbiqinin "mənim məlumatlarım" bölməsində şəxsiyyət vəsiqəsi, nikah, doğum və ölüm haqqında şəhadətnamələr kimi 40-dan çox müxtəlif məlumat qeydləri saxlanılır. İstifadəçilər bu sənədləri və məlumatları QR-kod və ya PDF formatında paylaşa bilərlər. Bundan əlavə, tətbiq məlumat mübadiləsinin tarixini izləməyə, məlumatların hansı qurumlarla və nə vaxt paylaşıldığını görməyə imkan tanıyır. Həmçinin, müxtəlif dövlət orqanları tərəfindən tələb olunan şəxsi məlumatlara giriş icazələrinin idarə edilməsi imkanı təqdim edilir”, - Rəşad Xalıqov bildirib.

Onun sözlərinə görə, digər yeniliklər arasında təkmilləşdirilmiş axtarış sistemi, bildiriş modulu və ərizələrin təqdimatı funksiyası var, bu da vətəndaşların dövlət xidmətləri ilə daha sürətli və şəffaf şəkildə əlaqə qurmasına imkan tanıyır.

"Platformada həmçinin elektromobillər üçün şarj stansiyalarının siyahısı, kommunal abonent kodlarının dəyişdirilməsi, pensiya kalkulyatoru və yerli hakimiyyət orqanlarına qəbul üçün qeydiyyat kimi xidmətlər mövcuddur", - əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti