Bakı. Trend:
Atam Tibb Universitetini bitirib Daxili Qoşunların N saylı hərbi hissəsində həkim leytenant kimi fəaliyyət göstərməyə başlamışdı.
Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında şəhidin oğlu Məmmədli Yunis deyib.
O bildirib ki, atasının əmək fəaliyyəti dövrü müharibəyə təsadüf etdiyindən könüllü olaraq cəbhə bölgəsinə yollanıb və Ağdərə, Mehmana, Çıldıran uğrunda gedən döyüşlərdə iştirak edib.
"Sonuncu döyüş isə Sırxavənd uğrunda olub. Orada itkin düşüb. Əsgər yoldaşlarının bildirdiyinə görə mühasirəyə düşüblər və orda yaralanıb. Atam həm döyüşüb həm də yaralı döyüş yoldaşlarına yardım göstərirdi. Sırxavənd kəndində də itkin düşüb. Neçə illər idi gözümüz yol çəkirdi. Axır ki, nəşinin qalıqları da olsa tapıldı. İndi atamın ruhu şaddır", - deyə o qeyd edib.
Qeyd edək ki, şəhid Mübariz Məmmədov 13.08.1966-cı il tarixdə Tovuz şəhərində doğulub, 29.09.1992-ci il tarixdə Ağdam şəhəri Sırxavənd kəndində itkin düşüb.