Bakı. Trend:
Xaçmaz rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində 27 Sentyabr - Anım Günü ilə əlaqədar olaraq ağacəkmə aksiyası keçirilib.
Quba-Xaçmaz yolunun kənarında təşkil olunan aksiyada Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və gənc könüllülər iştirak ediblər.
Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq təşkil edilən bu aksiya zamanı yerli iqlim şəraitinə uyğun gələn şam ağacları əkilib. Ərazidə əvvəl basdırılan ağaclara aqro-texniki qulluq göstərilib, suvarılması təmin edilib.
27 Sentyabr - Anım Günü ərəfsində Xaçmaz rayonunda keçirilən silsilə tədbirlərin davamı olaraq “Qələbəyə gedən yol” sənədli filmin təqdimatı keçirilib. Təqdimat mərasimində Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
“Regional Medianın İnkişafına Yardım” İctimai Birliyinin “Şəhid Tapdıq Xələfovun döyüş yolu” layihəsi çərçivəsində çəkilən film Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olan Tapdıq Xələfovun həyat və döyüş yolundan bəhs edib.
Ekran işinin çəkilişləri şəhidin boya-başa çatdığı Xaçmazın Qıraqlı kəndində həyata keçirilib. Tapdıq Xələfovun qəhrəmanlıq yolunu işıqlandıran filmin quruluşçu rejissoru “ARB Günəş” televiziyasının direktoru Məhsim Məhsimov, prodüseri Vəli Turan, quruluşçu operatoru Azər Sultanovdur.
Sənədli film tamaşaçılar tərəfindən maraqla izlənilib.