Bakı. Trend:
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun həkim mama-ginekoloqu Zərxanım Məmmədova nazirliyin rəsmi saytına müsahibə verib.
Trend həmin müsahibəni təqdim edir:
- Doktor, ilk öncə kontrasepsiya üsulu haqqında məlumat verərdiniz...
- Kontrasepsiya – arzuolunmaz hamiləliyin baş verməsinin
qarşısının alınması üsuludur. Beləliklə, həm ailə arzuolunmaz
hamiləlikdən qorunur, həm də qadın üçün uşaqsalma (abort) təhlükəsi
yaranmır.
Qeyd etmək lazımdır ki, abort heç də kontraseptiv üsul deyil və o,
orqanizmə ciddi ziyan vurur. Bundan başqa, abort cərrahi müdaxilə
olduğundan, hər bir cərrahi əməliyyata xas olan müvafiq riskləri
var.
Kontrasepsiya cinsi fəallıq zamanı hamiləliyin və ya yumurtanın
sperma ilə mayalanmasının qarşısını almaq üçün üsulların,
cihazların istifadəsinə əsaslanır. Onun əsas məqsədi arzuolunmaz
hamiləliklərin qarşısını almaqla, fərdlərə və ya cütlüklərə
reproduktiv seçimlərinə və ailə planlamasına nəzarət etmək imkanı
verməkdir.
- Kontrasepsiyanın növləri hansılardır?
- Arzuolunmaz hamiləlikdən qorunmanın bir çox yolları mövcuddur
və hər bir cütlük üçün fərdi qaydada seçilir. Buraya uşaqlıqdaxili,
hormonal, baryer, fizioloji (təbii), cərrahi sterilizasiya, təcili
qorunma kimi hamiləlikdən qorunma üsulları daxildir.
Uşaqlıqdaxili vasitə (UDV, spiral) - hamiləlikdən qorunma məqsədilə
uşaqlığa yerləşdirilən kiçik qurğudur. Buraya adi və hormonal
spirallar daxildir. Metodun təsir mexanizmi ondan ibarətdir ki,
mayalanmış hüceyrənin implantasiyasının qarşısı alınır.
Qeyd etmək lazımdır ki, UDV uşaqlıq borusu hamiləliyinin qarşısını
almır. Hormonal tərkibli spirallar isə uşaqlığın selikli qişasını
atrofiya etdiyi üçün (dölün implantasiyasının qarşısı alınır) onun
effektivliyi daha yüksəkdir.
Arzuolunmaz hamiləlikdən qorunmağın daha bir yolu kombinə edilən
oral kontraseptivlərdir (КОК). Onlar ovulyasiyanın yaranmasının
qarşısını alır, uşaqlıq borularının yığılmalarını ləngidir. Eyni
zamanda, КОК seliyin qatılaşmasını təmin və uşaqlığın selikli
qişasını atrofiya edir.
Hamiləliyin qarşısının alınmasının təbii üsulları da mövcuddur.
Buraya təqvim üsulu, servikal üsul, yarımçıq cinsi akt aiddir.
Lakin bunlar effektiv vasitələr hesab olunmur.
Qeyd etmək lazımdır ki, kontraseptivin effektivliyi onun düzgün
istifadə olmasından birbaşa asılıdır.
- Süd verərkən hamilə qalmaq mümkündürmü?
- Südverən analarda Prolaktin adlanan süd hormon səviyyəsi
yüksəlir. Bu hormon yumurta hüceyrənin əmələ gəlməsinə mane olduğu
üçün yeni doğuş edən ananı hamiləlikdən qoruyur. Körpəsini müntəzəm
olaraq əmizdirən bir qadın doğuş sonrası ilk 4-6 ay ərzində
hamiləlikdən qorunmuş ola bilər. Ancaq sonrakı aylarda körpəyə
əlavə qidalar verməyə başlaması ilə əlaqədar daha az əmizdirəcək və
nəticədə daha az prolaktin yaranacaq.
Südverməyə baxmayaraq, yumurta hüceyrənin əmələ gəlməsi və yeni bir
hamiləlik baş verə bilər. Ona görə də, südvermənin qoruma
qabiliyyətinə güvənilməməlidir.
Menstruasiya başladığı andan etibarən ana körpəni yalnız ana südü
ilə bəsləyirsə də, hamiləlikdən qorunmaq üçün bir üsul tətbiq
etməlidir. Zahılıq dövründəki qanaxmalar (ilk 6 həftə) menstruasiya
qan sızması kimi qiymətləndirilmir, qoruyucu bir üsul tətbiq etməyə
ehtiyac yoxdur.
- Son olaraq qadınlara nə məsləhət verərsiniz?
- Qeyd etdiyim kimi, kontrasepsiya arzuolunmaz hamiləlikdən
qorunmanı təmin edir və hamiləliyin baş verməsinin müxtəlif
üsullarla qarşısını alır.
Xanımlara tövsiyə edərdim ki, uyğun kontrasepsiya üsulunun
seçilməsi üçün mütləq ginekoloqla müzakirə edib, bərabər qərar
versinlər.