Bakı. Trend:
Qazaxıstanın Almatı şəhərində yaşayan Qəhrəman Sadiyev ölkə prezidenti Kasım-Jomart Tokayev tərəfindən nüfuzlu dövlət mükafatı olan “Şapaqat” medalı ilə təltif edilib. Bu mükafat soydaşımıza Qazaxıstanın ictimai-siyasi həyatında fəal iştirakına görə verilib.
Trend xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilir ki, hüquq elmləri doktoru olan Qəhrəman Sadiyev gənc yaşlarından Qazaxıstanda yaşayır. Uzun müddət ölkənin Ədliyyə Nazirliyi orqanlarında, prokuror, məhkəmə sədri və hakim kimi fəaliyyət göstərən soydaşımız, eyni zamanda Qazaxıstan Azərbaycanlıları Assosiasiyasının Almatı filialının sədridir.
Dəfələrlə Dünya Azərbaycanlıları Qurultayının iştirakçısı olan Qəhrəman Sadiyev Azərbaycanın tanıdılması və təbliğində fəal iştirak edir, Qazaxıstanda Azərbaycan diasporunun fəaliyyəti ilə bağlı mühüm işlər görür.