...

“The Jerusalem Post” Şəhriyarın “Heydərbabaya salam” poemasından iqtibas gətirib

Cəmiyyət Materials 6 Mart 2025 16:26 (UTC +04:00)
“The Jerusalem Post” Şəhriyarın “Heydərbabaya salam” poemasından iqtibas gətirib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Təbrizdə keçirilən mədəniyyət həftəsində çıxış edən İran Prezidenti Məsud Pezeşkianın ana dilində şer oxuması vacib məqam idi, çünki zalda şeiri bəyənəcək azərbaycanlılar əyləşmişdi. Eyni zamanda bu, müxtəlif mədəniyyətləri özündə birləşdirən qədim Azərbaycan şəhəri Təbrizin mədəniyyətini qeyd edən tədbirin bir hissəsi idi.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, bu barədə İsrailin ərəb dünyası və İran üzrə tanınmış eksperti, İsrail Müdafiə Qüvvələrinin Kəşfiyyat Korpusunun sabiq polkovnik-leytenantı, bu ölkənin nüfuzlu Bar-İlan Universitetinin şərqşünaslıq elmləri üzrə professoru və Universitetin Yaxın Şərq və İslam Tədqiqatları Mərkəzinin direktoru, Begin-Sadat Strateji Araşdırmalar Mərkəzinin tədqiqatçısı doktor Mordexay Kedar dünyanın nüfuzlu nəşrlərindən “Jerusalem Post”da dərc olunmuş “İran prezidenti Pezeşkian mədəni zülmlə üzləşib” sərlövhəli məqaləsində yazıb.

Qeyd olunub ki, əsrlər boyu Azərbaycan xalqının paytaxtı olmuş Təbriz bu gün əhalisinin mütləq əksəriyyəti Azərbaycan Türklərindən ibarət Güney Azərbaycanın mədəniyyət paytaxtıdır. Ərazisi inzibati baxımdan İranın suverenliyi altında olmasına və fars dilinin burada sərbəst şəkildə anlaşılmasına baxmayaraq, əhalisinin əksəriyyəti öz ana dilində - azərbaycanca danışan Güney Azərbaycanın mədəniyyəti vahid Azərbaycan mədəniyyətinin ayrılmaz hissəsidir.

Yazıda Prezident Pezeşkianın mədəniyyət həftəsinin bağlanış mərasimində çıxışı zamanı dramatik məqamın yaşandığı diqqətə çatdırılıb. Belə ki Pezeşkian məşhur təbrizli şair, “Şəhriyar” ləqəbi ilə tanınan Məhəmmədhüseyn Behcət Təbrizinin xatirəsini onun Azərbaycan dilində qələmə aldığı “Heydərbabaya salam” poemasından bir neçə misra iqtibas etməklə anıb. Həmin an mərasimi təşkil edən rəsmilərdən biri dövlət başçısının çıxışını kəsərək ona şeiri Azərbaycan dilində deməmək barədə xəbərdarlıq edib. Pezeşkianın gülümsəyərək “Türkcə iki misra şeir oxumaqda problem yoxdur” cavabı tamaşaçıların alqışına səbəb olub. İsrailli professor yazısında İran prezidentinin söylədiyi misranı olduğu kimi - Azərbaycan dilində tərcüməsi ilə əks etdirib.

Məqalədə tədbirin vaxtilə Təbrizə səfəri zamanı ona qoşulmuş tamaşaçılarla birlikdə Azərbaycan dilində şeirlər oxumuş İranın keçmiş Prezidenti Mahmud Əhmədinecadın səfərini xatırlatdığına da diqqət çəkilib. Müəllif İranda Azərbaycan mədəniyyətinə həsr olunmuş tədbirdə Prezidentə müdaxilə edilməyəcəyi halda tədbirin diqqətdən kənarda qala biləcəyini də kinayə ilə vurğulayıb.

Məqaləni ətraflı şəkildə bu linkdən oxumaq mümkündür: https://www.jpost.com/opinion/article-844092

Məqalədə:
Xəbər lenti

Xəbər lenti