...

Bakı Biznes Universitetində Novruz bayramına həsr olunmuş möhtəşəm tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 18 Mart 2025 19:19 (UTC +04:00)
Bakı Biznes Universitetində Novruz bayramına həsr olunmuş möhtəşəm tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Martın 18-də Bakı Biznes Universitetində professor-müəllim heyəti və tələbələrin iştirakı ilə xalqımızın ən qədim və əziz bayramlarından biri olan Novruz bayramına həsr olunmuş möhtəşəm tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Təbrik nitqi ilə çıxış edən Universitetin rektoru, professor İbad Abbasov Novruz bayramının tarixi əhəmiyyətindən, xalqımızın milli dəyərlərinin qorunmasında və gələcək nəsillərə ötürülməsində oynadığı mühüm roldan danışıb. Rektor, vurğulayıb ki, Novruz bayramı insanları bir araya gətirən, həmrəylik və dostluq dəyərlərini gücləndirən xüsusi bir bayramdır. O, Universitetin bütün kollektivini və tələbələri bu bayram münasibətilə səmimi qəlbdən təbrik edərək onlara can sağlığı, bol ruzi-bərəkət və xoşbəxtlik arzulayıb.

Daha sonra universitet rəhbərliyi Universitetin yaradılmasının 32-ci ildönümü münasibətilə keçirilən “Universitet günlərin” tədbirlərində işitrak edərək təhsildə, sosial-ictimai işlərdə, idmanda fərqlənən tələbələri fəxri fərmanlarla təltif edib və onlara uğurlar diləyib.

Tədbirin gedişində rektor Novruzun simvollarından biri olan bayram tonqalını qalayıb, Bakı Biznes Universitetinin rəqs kollektivinin təqdimatında “Alagöz”, “Qafqaz” və “Naz eləmə” rəqsləri nümayiş etdirilib və Bakı Biznes Universitetinin xor kollektivinin təqdimatında Üzeyir Hacıbəylinin “Arşın mal alan” operasından “Qızların xoru” mahnısı ifa edilib. Novruz bayramının atributlarından olan Kosa-keçəl və Bahar qızının təqdimatında isə Novruzun ənənəvi elementlərini özündə əks etdirən maraqlı səhnələr nümayiş olunub, tələbə və müəllimlərlə yumurta döyüşdürmə, qaravəlli, qodu-qodu və digər milli oyunlar oynanılıb, tələbələr tərəfindən hazırlanan bayram xonçaları və rəsm əsərləri nümayiş etdirilib. Tədbir Universitet tələbələrinin iştirakı ilə tonqal ətrafında “Yallı” rəqsi ilə yekunlaşıb.

Xəbər lenti

Xəbər lenti