Bakı. Trend:
Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən
“İctimai proseslər media müstəvisində” mövzusunda II Forum
çərçivəsində “Nəqliyyat infrastrukturunda davamlı həllər media
müstəvisində” adlı panel sessiya keçirilib.
Trend xəbər verir
ki, Medianın İnkişafı Agentliyinin Kommunikasiya şöbəsinin müdiri
Səidə Şəfiyevanın moderatorluq etdiyi paneldə Baş Dövlət Yol Polisi
İdarəsi, “Azərbaycan Hava Yolları” QSC, “Bakı Metropoliteni” QSC,
həmçinin Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin səlahiyyətli
nümayəndələri spiker qismində çıxış ediblər.
Panel sessiya zamanı nəqliyyat sektorunda davamlı inkişafa yönələn
təşəbbüslərin ictimaiyyətə düzgün və effektiv şəkildə çatdırılması,
media qurumları ilə aidiyyəti dövlət orqanları arasında informasiya
mübadiləsinin gücləndirilməsi və ictimai kommunikasiyanın
institusional əsaslarla inkişaf etdirilməsi müzakirə olunub.
Sessiyada nəqliyyat infrastrukturunda ekoloji davamlılığın təmin
edilməsi, ictimai nəqliyyatda təhlükəsizlik və xidmət keyfiyyətinin
artırılması, habelə yol hərəkəti iştirakçılarının
maarifləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlər barədə
geniş məlumat verilib. Çıxışlar zamanı qeyd olunub ki, müasir
informasiya mühitində bu təşəbbüslərin media vasitəsilə cəmiyyətə
dolğun və şəffaf şəkildə çatdırılması ictimai rəyin formalaşmasında
mühüm rol oynayır.
Qeyd edək ki, panel müzakirənin sonunda sual-cavab sessiyası
keçirilib.