Bakı. Trend:
Uşağın ilk 3 ili onun emosional, psixoloji və nevroloji inkişafı baxımından ən vacib dövrdür. Bu dövrdə körpənin əsas ehtiyacı oyuncaq deyil, ana qucağı, sevgi və sabitlikdir. Bu yaşda ana ilə emosional bağın qurulması, təhlükəsizlik hissi və sabitlik uşağın gələcək psixoloji sağlamlığı üçün əsasdır.
Trend xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Fatma Yıldırım komitənin bu gün keçirilən iclasında “Təhsil haqqında” və “Məktəbəqədər təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.
Millət vəkilinin sözlərinə görə, təəssüf ki, bir çox valideyn iş rejiminin və həyat tələblərinin təsiri ilə bu dövrdə uşağı bağçaya göndərməyə məcbur olur. Nəticədə, körpələr səs-küylü, yad mühitə düşür və bu, onların daxili stressini artırır.
“Təklif edirəm ki, 0-3 yaşlı uşaqlara baxan valideynlər üçün çevik iş rejimi, qısaldılmış iş rejimi, müəyyən vəzifələr üçün onlayn çalışmaq icazələri qanunla tənzimlənərək tətbiq olunma mexanizmlarinə baxılsın. Ev əsaslı baxım dəstəklənsin, dayə və ailə yardım proqramları gücləndirilsin. Uşaq bağçalarında uyğunlaşma mərhələli və fərdi şəkildə həyata keçirilsin. Uşağın psixoloji vəziyəti nəzərə alınsın. Valideynlərə psixoloji və bağçaya adaptasiya mövzusunda maarifləndirici dəstək verilsin”, - deyə deputat qeyd edib.