...

Meksikada əməkdar artist Əyyub Quliyevin dirijorluğu ilə "Şelkunçik" baletinin premyerası keçirilib (VİDEO)

Mədəniyyət Materials 19 Dekabr 2025 17:59 (UTC +04:00)
Meksikada əməkdar artist Əyyub Quliyevin dirijorluğu ilə "Şelkunçik" baletinin premyerası keçirilib (VİDEO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ilin 18 dekabr tarixində Mexiko şəhərinin tanınmış “Milli Auditoriya” konsert zalında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrının dirijoru, Respublikanın əməkdar artisti Əyyub Quliyevin dirijorluğu ilə P.İ.Çaykovskinin unudulmaz "Şelkunçik" baletinin möhtəşəm premyerası baş tutub.

Trend xəbər verir ki, azərbaycanlı dirijorun layihədə iştirakı Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və ölkəmizin Meksikadakı Səfirliyinin dəstəyi ilə həyata keçirilib.

Meksika Mədəniyyət Nazirliyi nəzdində İncəsənət və Ədəbiyyat Milli İnstitutunun (INBAL) İncəsənət Teatrının orkestrı və Milli Rəqs Qrupunun balet truppası tərəfindən ifa olunmuş baletin ilk nümayişi anşlaqla keçib.

Baletin səhnələşdirilməsində Milli Rəqs Qrupunun aparıcı üzvləri ilə bərabər uşaqlardan ibarət balet ifaçıları da iştirak edib. Layihəyə ümumilikdə yüzdən çox balet ifaçısı, həmçinin səksəndən artıq musiqiçinin iştirak etdiyi orkestr cəlb olunub.

Yetmiş ildən çox tarixi olan İncəsənət Teatrının orkestrı ölkənin aparıcı musiqi kollektivlərindən biridir. On min tamaşaçı tutumuna malik “Milli Auditoriya” isə Latın Amerikası regionunun, habelə dünyanın böyük və əhəmiyyətli konsert zallarından biri hesab olunur və ölkə miqyasında vacib tamaşaların çoxuna ev sahibliyi edir.

Meksikanın aparıcı mədəniyyət qurumlarının təşkilatçılığı ilə həyata keçirilən bu cür mötəbər layihəyə ilk dəfədir ki, azərbaycanlı dirijor dəvət olunur. Zəngin və parlaq Azərbaycan dirijorluq məktəbinin nümayəndəsi Ə.Quliyevin çıxışı Latın Amerikası tamaşaçısını heyran edib.

Təşkilatçıların bildirdiyinə görə, 23 dekabra qədər on dəfə səhnələşdiriləcək baletin bütün seanslarına biletlər artıq satılıb. Ümumilikdə təqribən yüz min tamaşaçının iştirakı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti