...

Avropa Parlamenti siyasi alətə çevrilib – Deputat

Siyasət Materials 19 Dekabr 2025 15:15 (UTC +04:00)
Avropa Parlamenti siyasi alətə çevrilib – Deputat
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Avropa Parlamenti uzun illərdir Azərbaycana qarşı qərəzli və qeyri-obyektiv mövqe nümayiş etdirir, ölkəmizə qarşı əsassız ittihamlar və birtərəfli fikirlər səsləndirir. Son günlər Avropa Parlamentində keçirilən müzakirələr zamanı da bu qərəzli yanaşma növbəti dəfə açıq şəkildə ortaya qoyulub ki, bu da siyasi simasızlığın və riyakarlığın bariz nümunəsidir.

Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat qeyd edib ki, Azərbaycanın son illərdə əldə etdiyi siyasi, iqtisadi və hərbi uğurlar, həmçinin regionda formalaşdırdığı yeni geosiyasi reallıqlar müəyyən dairələri ciddi şəkildə narahat edir. Onun sözlərinə görə, Avropa Parlamentində qəbul edilən qərəzli və birtərəfli qətnamələr də məhz bu narahatlığın nəticəsidir və həmin sənədlər Avropa Parlamentinin müstəqil mövqedən deyil, müxtəlif maraq qruplarının, xüsusilə erməni lobbisinin sifarişləri əsasında hərəkət etdiyini açıq şəkildə nümayiş etdirir.

A.Həsənova vurğulayıb ki, Avropa Parlamenti bu cür addımlarla öz məkirli niyyətini gizlədə bilmir və fəaliyyət çərçivəsindən kənara çıxaraq siyasi alətə çevrildiyini bir daha təsdiqləyir. Onun sözlərinə görə, Azərbaycan regionda dayanıqlı sülhün bərqərar olması üçün real və konstruktiv təşəbbüslər irəli sürür, bu istiqamətdə ardıcıl və məqsədyönlü addımlar atır.

“Əgər Avropa Parlamenti doğrudan da insan hüquqlarını, demokratiyanı, sülhü və əmin-amanlığı qoruyan obyektiv beynəlxalq platforma olsaydı, Azərbaycana qarşı qərəzli qətnamələr qəbul etmək əvəzinə ölkəmizin regionda sülh və sabitliyin təmin olunması istiqamətində atdığı addımlara dəstək verməli, bu fəaliyyəti yüksək qiymətləndirməli idi. Təəssüf ki, Avropa Parlamenti beynəlxalq təşkilat statusundan daha çox müxtəlif dairələrin əlində siyasi təzyiq alətinə çevrilib”.

Deputat əlavə edib ki, Azərbaycan hər zaman müstəqil, prinsipial və milli maraqlara əsaslanan siyasət yürüdüb və heç vaxt heç bir xarici mərkəzin diktəsi ilə fəaliyyət göstərməyib. Onun sözlərinə görə, məhz bu müstəqil siyasəti qəbul edə bilməyən dairələr Avropa Parlamentindən vasitə kimi istifadə edərək ölkəmizə qarşı təzyiqləri artırmağa, eyni zamanda Azərbaycan əleyhinə qarayaxma kampaniyasını daha da genişləndirməyə çalışırlar.

“Lakin bütün bu cəhdlər nəticəsiz qalacaq. Çünki Azərbaycan güclü dövlətdir, öz milli maraqlarını qətiyyətlə qoruyur və bu kimi siyasi kampaniyalar hər zaman olduğu kimi növbəti dəfə də iflasa uğrayacaq”, – deyə Afət Həsənova qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti