Bakı. Trend:
Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da birlik amallarına sadiq qalacaq.
Trend xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev bu gün Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) əmək, məşğulluq və sosial müdafiə nazirlərinin birinci iclasında bildirib.
Onun sözlərinə görə, TDT-yə üzv ölkələrlə əlaqələrin genişləndirilməsi və Türk dünyasının gücləndirilməsi Azərbaycanının prioritetlərindəndir:
"Türk Dövlətləri Təşkilatı artıq dünya miqyasında xüsusi rola malikdir və üzv ölkələr arasında siyasi, iqtisadi, sosial, həmçinin türk irsi və mədəni əlaqələr daha da dərinləşir. Bugünkü iclasımız ölkələrimizdə sosial inkişaf naminə mühüm məqsədlərin reallaşmasına xidmət edən tarixi bir hadisədir. Bu əlaqələrin genişləndirilməsi və Türk dünyasının gücləndirilməsi Azərbaycanın prioritetlərindən biridir. Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev qeyd edib ki, 'Türk Dövlətləri Təşkilatı bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bizim ailəmiz Türk dünyasıdır.' Bu baxımdan, Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da birlik amallarına sadiq qalacaq".
Nazir bugünkü görüşün ölkələrimiz üçün daha inklüziv və dayanıqlı sosial inkişaf modelinin yaranmasına töhfə verəcəyinə əminliyini ifadə edib.
