Bakı. Trend:
Azərbaycan Beynəlxalq Əmək Təşkilatının 59 Konvensiyası və 1 Protokolunu ratifikasiya edib, paralel olaraq daha 4 konvensiyanın ratifikasiya imkanlarını araşdırır.
Trend xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev bu gün Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının əmək, məşğulluq və sosial müdafiə nazirlərinin birinci iclasında deyib.
Onun sözlərinə görə, son illərdə cinsi ayrı-seçkiliyin aradan qaldırılması sahəsində görülən tədbirlər qadınların əmək bazarında iştirakını artırmağa geniş imkanlar yaradıb:
"Ölkəmizdə aktiv məşğulluq tədbirləri, o cümlədən özünüməşğulluq, əmək haqlarının birgə maliyyələşdirilməsi, kvota üzrə iş yerləri və digər məqsədli proqramlar həyata keçirilir. Ən vacib proqramlarımızdan biri olan və işçi qüvvəsinin bacarıqlarının inkişafına xidmət edən peşə hazırlığı proqramı təkmilləşdirilmiş, əhatə dairəsi genişləndirilmiş və özəl sektorda fəaliyyət göstərən peşə hazırlığı mərkəzləri prosesə cəlb edilmişdir.
Bundan əlavə, uşaqları, məktəbliləri və tələbələri gələcək əmək bazarına hazırlamaq və perspektiv peşələr haqqında məlumatlandırmaq məqsədilə geniş peşəyönümü məsləhət xidmətləri göstərilir".
